13 iyul 2026 09:43
86

İnsanabənzər robotlar görün nələr edir?

İlk dəfə insanabənzər robotun cərrahi əməliyyat həyata keçirməsi robot texnologiyaları və səhiyyə sahəsində mühüm yenilik kimi qiymətləndirilir.

ABŞ-ın  Kaliforniya Universitetinin San Dieqo bölməsinin (UC San Diego) alimləri və cərrahlarının iştirakı ilə hazırlanmış insanabənzər robot öd kisəsinin çıxarılması əməliyyatını uğurla yerinə yetirib. Növbəti dəfə keçirilən ikinci əməliyyatda isə iki insanabənzər robot eyni vaxtda işləyərək laparoskopik üsulla öd kisəsinin çıxarılması prosedurunu icra ediblər. Hər iki əməliyyat konsepsiyanın praktik imkanlarını qiymətləndirmək məqsədilə primat olmayan məməlilər üzərində aparılıb.

Tədqiqatın müəlliflərindən biri, Kaliforniya Universitetinin Elektrik və kompüter mühəndisliyi fakültəsinin professoru Maykl Yip bildirib ki, araşdırmanın nəticələri insanabənzər robotların cərrahiyyədə tətbiqinin mümkün olduğunu nümayiş etdirir: “Uzaqdan idarə olunan və gələcəkdə avtonom işləyə biləcək insanabənzər robotlar insanların tibbi xidmətə çıxışının məhdud olduğu bölgələrdə mürəkkəb əməliyyatların həyata keçirilməsinə imkan yarada bilərlər. Bu texnologiyanın yalnız ABŞ-da deyil, dünyanın müxtəlif ölkələrində cərrah çatışmazlığı probleminin aradan qaldırılmasına töhfə verəcəyi gözlənilir.”

Araşdırmanın digər müəllifi, Kaliforniya Universitetinin San Dieqo Tibb fakültəsinin cərrahiyyə üzrə dosenti Şanqley Liu qeyd edib ki, insanabənzər robotlar hazırda istifadə olunan robotik cərrahiyyə sistemləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdirlər. Onların istehsal xərcləri daha aşağıdır, müxtəlif məkanlarda istifadəsi daha rahatdır və yerinə yetirə biləcəkləri funksiyaların dairəsi daha genişdir. Mütəxəssisin sözlərinə görə, bu xüsusiyyətlər insanabənzər robotlardan kənd və ucqar ərazilərdə, hərbi hospitallarda, fövqəladə hallarda, hətta gələcəkdə kosmik missiyalar zamanı da istifadə edilməsinə şərait yarada bilər.

“Surgie” adlandırılan insanabənzər robotlar bu mərhələdə təcrübəli cərrahlar tərəfindən məsafədən idarə olunublar. Lakin alimlər süni intellekt texnologiyalarının inkişafı sayəsində gələcəkdə bu robotların müəyyən cərrahi prosedurları müstəqil şəkildə yerinə yetirə biləcəyini düşünürlər.

Tədqiqatçıların yekdil fikirlərinə əsasən, gələcəyin əməliyyat otaqlarında həkimlər və insanabənzər robotlar vahid komanda kimi birlikdə çalışacaqlar. Bu yanaşma həm ənənəvi xəstəxanalarda, həm də fövqəladə şəraitdə, hərbi tibb məntəqələrində və digər xüsusi mühitlərdə cərrahi xidmətlərin göstərilməsini asanlaşdıra bilər.

Araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunan “In vivo feasibility study of humanoid robots in surgery (Canlı orqanizmlər üzərində insanabənzər robotların cərrahiyyədə tətbiq imkanlarının qiymətləndirilməsi)” adlı məqalədə təqdim olunub.

Şahnigar Əhmədova, “İki sahil”