09 iyul 2026 18:25
157

Çinin avtomobil ixracı iyun ayında 80% artıb

Cari ilin iyun ayında Çin Xalq Respublikası ötən ilin eyni dövrü ilə müqayisədə xarici bazarlara 80% daha çox avtomobil ixrac edib. 2026-cı ilin ilk yarımilliyinin (yanvar-iyun) yekunlarına görə isə bu artım tempi 72% təşkil edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Associated Press" agentliyi Çin Avtomobil İstehsalçıları Assosiasiyasının rəsmi statistik məlumatlarına istinadla xəbər verir.

Assosiasiyanın rəsmi hesabatından məlum olur ki, Çin təkcə iyun ayında xaricə 905 min ədəd avtomobil göndərib, ilk altı ayda isə bu rəqəm 4,4 milyonu ötüb. AP agentliyinin rəyinə müraciət etdiyi analitiklərin proqnozlarına görə, 2026-cı ilin bütöv yekununda Çin avtomobillərinin ümumi ixrac həcmi 30-50% civarında arta bilər. Müqayisə üçün qeyd edək ki, ötən il Çin qlobal bazara təxminən 7 milyon avtomobil ixrac etmişdi.

Çinin daxili bazarındakı avtomobil satışlarının həcmi hələ də ixrac göstəricilərini üstələməkdə davam edir və daha irimiqyaslı xarakter daşıyır. Belə ki, iyun ayında ölkə daxilində 1,5 milyon avtomobil satıldığı halda, ilin ilk altı ayında bu göstərici təxminən 8,3 milyona çatıb.

Bununla belə, Çinin daxili avtomobil bazarı hazırda ciddi çətinliklərlə üz-üzədir: Yüksək rəqabət mühiti fonunda şirkətlər arasında çox sərt və aqressiv qiymət müharibələri (endirim kampaniyaları) gedir. Bu amil yerli daxili satışların ümumi rentabelliyinə və həcminə mənfi təsir göstərir.