08 iyul 2026 22:30
73

Qazaxıstan XİN: PUA-ların Qazaxıstan ərazisindən buraxılması barədə iddialar həqiqətəuyğun deyil

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi bəzi media qurumlarında yer alan və Rusiya Federasiyasındakı obyektlərə hücumlar zamanı istifadə olunan pilotsuz uçuş aparatlarının guya Qazaxıstan ərazisindən buraxıla biləcəyinə dair yayılan məlumatları təkzib edib.

“İki sahil” “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici siyasət idarəsi bu iddiaları təxribat adlandırıb: “Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi məsuliyyətlə bəyan edir ki, qeyd olunan iddialar həqiqətəuyğun deyil və heç bir məlumat və ya faktla təsdiqlənmir”.

Nazirlikdən vurğulanıb ki, Qazaxıstan ardıcıl olaraq sülhsevər xarici siyasət yürüdür, beynəlxalq hüquq normalarına ciddi riayət edir və ölkənin ərazisi, hava məkanı, habelə infrastrukturunun digər dövlətlərə qarşı yönələn fəaliyyətlər üçün istifadə oluna bilməyəcəyi prinsipini əsas tutur. Qazaxıstan XİN media nümayəndələrini yalnız yoxlanılmış faktlara əsaslanmağa çağırıb.