NATO-nun baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampın avropalı müttəfiqlərinin ABŞ-ın İrana qarşı əməliyyatına kifayət qədər dəstək verməməsi ilə bağlı tənqidini qəbul etməyib.
“İki sahil” xəbər verir ki, Rütte NATO sammiti çərçivəsində Ankarada keçirilən yekun mətbuat konfransında bildirib ki, Avropa ölkələrinin əksəriyyəti hərbi bazalardan istifadə ilə bağlı Vaşinqton qarşısında götürdüyü ikitərəfli öhdəlikləri yerinə yetirib.
"ABŞ-ın məyus olduğunu bilirəm. Lakin söhbət ayrı-ayrı hallardan gedir. Ümumilikdə qiymətləndirsək, avropalıların əksəriyyəti Birləşmiş Ştatlarla razılaşdırdıqları işləri görüblər", - o bildirib.
Rüttenin sözlərinə görə, fevralın sonundan atəşkəs qüvvəyə minənədək olan dövrdə ABŞ-ın "Epic Fury" əməliyyatı Avropa bazalarından 5 000-dək uçuşu əhatə edib.
"Avropa Birləşmiş Ştatların hərbi gücünün nümayişi üçün platforma rolunu oynamasaydı, bu əməliyyatı həyata keçirmək çox çətin olardı", - deyə Alyans rəhbəri bildirib və əlavə edib ki, bu, avropalı müttəfiqlərin öz öhdəliklərini yerinə yetirdiklərini nümayiş etdirir.
Bununla belə, Rütte bir daha vurğulayıb ki, münaqişə onun ərazisindən kənarda baş verdiyi üçün alyans İrana qarşı əməliyyatda iştirak etmir.
O qeyd edib ki, NATO-nun siyasi mövqeyi var və ona əsasən, İran nüvə silahına və ballistik raketlərə malik olmamalıdır, lakin bu məsələ üzrə ABŞ ilə praktiki qarşılıqlı fəaliyyət ayrı-ayrı üzv ölkələr tərəfindən ikitərəfli əsasda həyata keçirilir.