08 iyul 2026 14:39
198

Fortepiano ixtisası üzrə təlimlərə başlanılıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə incəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən inkişafyönümlü təlimlər ixtisaslar üzrə mərhələlərlə davam edir.

“İki sahil” xəbər verir ki, MEMİM tərəfindən növbəti təlimlər Mərkəzi Aran, Gəncə-Daşkəsən və Qarabağ regionları üzrə müəllimlərin attestasiyası zamanı kiçik səs çoxluğu ilə (komissiya üzvlərinin 2 lehinə və 3 əleyhinə səsverməsi) tutduğu vəzifəyə uyğun hesab olunmayan təhsilverənlər üçün təşkil edilib. Təhsilverənlərin peşəkar inkişaf ehtiyacları nəzərə alınmaqla ümumilikdə 12 ixtisas üzrə təlim proqramı hazırlanıb. Proqramda nəzəri biliklərlə yanaşı, praktik məşğələlər də yer alıb.

Cari ilin iyun ayından tar, kamança, qarmon, nağara, saz, xanəndəlik, violin, vokal, xor dirijorluğu və təsviri sənət ixtisasları üzrə təlimlər aparılır, 6 iyul tarixində isə fortepiano ixtisası üzrə təlimlərə başlanılıb.

Sahə üzrə uzunillik pedaqoji təcrübəyə malik mütəxəssislər tərəfindən keçirilən təlimlər distant formatda təşkil olunur. Təlimlərin Bakı şəhəri və regionlarda əyani şəkildə də davam etdirilməsi nəzərdə tutulur.

Sözügedən təlimlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə həyata keçirilir. Dərs prosesində iştirakçıların peşəkar inkişafına töhfə verən qabaqcıl təcrübə və müasir yanaşmalar tətbiq edilir. Təlimlərin əsas məqsədi müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi və metodiki hazırlıqlarının artırılmasına, onların işə qəbul imtahanlarında uğurlu nəticə əldə etməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, musiqi nəzəriyyəsi ixtisası üzrə bu kateqoriyadan olan təhsilverənlər üçün təlimlər iyulun 15-də başlayacaq.