07 iyul 2026 21:52
82

Üç güləşçimiz üçün bürünc medal şansı

Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib. Ayxan Cavadov (60 kq) fransalı Maqomed Varayev (5:2) və almaniyalı İvan Zaybelə (8:3) qalib gələrək yarımfinala yüksəlib. Ayxan finalın bir addımlığında belaruslu Rasim İbrahimova 1:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Roman Kərimov (67 kq) təsnifat mərhələsində macarıstanlı Petro Jiotovoza 6:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Roman sabah təsəlliverici görüşə çıxacaq. Kamran Rəcəbli (72 kq) debütdə isveçli Alvin Tulinderə müqavimət göstərə bilməyib – 0:9. Elmin Əliyev (82 kq) finlandiyalı Severi Maeenpaepae (9:0) və yunanıstanlı Vasileyos Semertzidisi (10:0) vaxtından əvvəl xalçadan məyus yola salsa da, yarımfinalda rusiyalı Zaur Beslekoyevlə bacarmayıb (1:5) və ümidini bürünc medala bağlayıb.

Mahir Qurbanlı (97 kq) 1/8 finalda macarıstanlı Vendel Vitaya 2:4 hesabıyla məğlub olub.