07 iyul 2026 19:11
71

"DeepSeek" süni intellekt bazarında dünya liderinə çevirə bilər

Çinin məşhur süni intellekt layihəsinin tərtibatçısı olan "DeepSeek" şirkəti şəxsi süni intellekt (AI) çiplərinin istehsalına başlayır.

“İki sahil” xəbər verir ki, "Reuters" agentliyinin etibarlı mənbələrə istinadla yaydığı məlumata görə, Çin şirkətinin əsas məqsədi digər qlobal prosessor tədarükçülərindən olan asılılığı kəskin şəkildə azaltmaqdır. "DeepSeek" ilkin mərhələdə modellərin birbaşa təlimi üçün deyil, onların işə salınması və hazır hesablamaların dərhal çıxarılması üçün nəzərdə tutulan çiplərin istehsalı ilə məşğul olacaq.

Ekspertlər hesab edir ki, şəxsi prosessorların istehsalı "DeepSeek"i süni intellekt bazarında dünya liderinə çevirə bilər. Çin şirkəti indiyədək təlim proseslərini üçüncü ölkələr vasitəsilə, xüsusən də Asiyadakı (məsələn, Malayziyadakı) nəhəng klastrlardan serverlər icarəyə götürməklə həyata keçirirdi. Şəxsi zavodların və istehsal güclərinin yaradılması Çin Xalq Respublikasının bu sahədəki mövqeyini ciddi şəkildə gücləndirəcək. Çinlilər bütün məhdudiyyətlərə rəğmən, demək olar ki, qlobal sənayenin öncülləri sayılan "Anthropic" və "Claude Code" səviyyəsində, həm də açıq kodlu effektiv bir model yaratmağı bacarıblar. Əgər yaxın yarım il və ya bir il ərzində onların şəxsi istehsal gücləri formalaşarsa, "DeepSeek"in keyfiyyət və sürət baxımından rəqiblərini necə geridə qoyduğunu görəcəyik. Çünki hazırda dünyada heç bir nəhəng İT şirkətinin tam həll edə bilmədiyi əsas qlobal problem məhz məlumatların emalı və nəticənin çıxarılma sürətidir.

Buna qədər "DeepSeek" əsasən "Huawei" və ABŞ-ın "Nvidia" şirkətlərinin prosessorlarından istifadə edirdi. Hətta şirkətin ən qabaqcıl flaqman modeli olan "DeepSeek-R1" məhz "Nvidia" çipləri üzərində təlim keçmişdi. Lakin şəxsi mikrosxem və aparat təminatının (hardver) sıfırdan hazırlanması kifayət qədər riskli bir addım da ola bilər.