Hər zaman qarşıma məqsəd qoyuram ki, yaxşı nəticə əldə etmək istəyirəmsə, çətin məşqlərə və ağır hazırlıq prosesinə dözməliyəm
İdmanda uğur təsadüflərin deyil, məqsədyönlü əməyin, intizamın və qətiyyətin nəticəsidir. Xüsusilə velosiped idmanı yüksək fiziki hazırlıq, möhkəm iradə və uzunmüddətli zəhmət tələb edən idman növlərindən biridir. Məhz bu xüsusiyyətlər gənc idmançıların peşəkar səviyyəyə yüksəlməsində əsas rol oynayır.
Bu dəfə həmsöhbətimiz Azərbaycanın U23 yığma komandasının və “AE Cycling Team” komandasının üzvü, perspektivli velosipedçi Süleyman Ələkbərovdur. Uşaqlıq arzularını məqsədə çevirən gənc idmançı artıq beynəlxalq yarışlarda ölkəmizi təmsil edir, ilk UCI reytinq xallarını qazanaraq gələcək uğurlar üçün mühüm addımlar atır. Müsahibəmizdə onun idmana gəliş yolundan, peşəkar karyerasının mühüm məqamlarından, çətin məşqlərin qazandırdığı keyfiyyətlərdən, beynəlxalq yarış təcrübəsindən və qarşıdakı hədəflərindən söhbət açdıq. İndi isə sizi müsahibə ilə tanış olmağa dəvət edirik.

-Özünüz haqqında qısa məlumat verin.
-Mən Süleyman Ələkbərovam, 19 yaşım var. Məşqçim Elçin Əsədovdur. Hazırda Azərbaycanın U23 yığma komandasının və “AE Cycling Team” komandasının üzvüyəm. Uşaqlıqdan Azərbaycanın ən möhtəşəm velosiped yarışı olan “Tour d'Azerbaijan” yarışını böyük həyəcanla izləyirdim. Həmin yarışa baxanda öz-özümə söz verirdim ki, bir gün mən də peşəkar velosipedçi olaraq, ölkəmi beynəlxalq arenada layiqincə təmsil edəcəyəm. Bu gün həmin arzunu yaşamaq mənim üçün böyük qürurdur.
-Velosiped idmanı sizə nə qazandırıb?
-Velosiped idmanı digər idman növlərindən uzun məsafələri və böyük fiziki yüklənmələri ilə seçilir.
Uğurlu velosipedçi ilk növbədə məşq planına ciddi əməl etməli,
intizamlı olmalı və bu idmanı ürəkdən sevməlidir
Məşqlərimiz və yarışlarımızın əksəriyyəti 150 kilometrdən artıq olur. Bu idman növü məndə səbir, dözümlülük, intizam və heç vaxt təslim olmamaq kimi xüsusiyyətlər formalaşdırıb. Hər kilometr insanı həm fiziki, həm də mənəvi cəhətdən gücləndirir.
-Karyeranızın dönüş nöqtəsi hansı yarış olub?
-Karyeramın ən önəmli dönüş nöqtəsi 2025-ci il Azərbaycan çempionatı oldu. Həmin yarışda uğurlu çıxış etdim və göstərdiyim nəticəyə əsasən Azərbaycan yığma komandasına dəvət aldım. O gün mənim üçün yeni bir mərhələnin başlanğıcı idi.

-Çətin məşqlər və yarışlar zamanı motivasiyanızı necə qoruyursunuz?
-Hər zaman qarşıma məqsəd qoyuram ki, yaxşı nəticə əldə etmək istəyirəmsə, çətin məşqlərə və ağır hazırlıq prosesinə dözməliyəm. Pis hava şəraiti və yorğunluq heç vaxt bəhanə olmamalıdır. Belə anlarda özümə xatırladıram ki, hər əziyyət gələcək uğurların təməlidir və məni arzularıma bir addım da yaxınlaşdırır.
-Sizcə uğurlu velosipedçini fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
-Məncə, uğurlu velosipedçi ilk növbədə məşq planına ciddi əməl etməli, intizamlı olmalı və bu idmanı ürəkdən sevməlidir. Təkcə istedad kifayət etmir. Böyük uğurlar yalnız zəhmət, düzgün hazırlıq və güclü motivasiya ilə qazanılır.

-Ən yaddaqalan yarışınız hansıdır?
Ən yaddaqalan yarışım 2026-cı ildə keçirilən “Grand Prix Antalya” olub. Bu, mənim ilk UCI beynəlxalq yarışım idi. Həmin yarışda dünya reytinqi üçün ilk xallarımı qazandım. İlk dəfə beynəlxalq səviyyədə mübarizə aparmaq və dünya reytinqinə düşmək mənim üçün unudulmaz hiss idi.
-Azərbaycanı beynəlxalq arenada təmsil etmək sizin üçün nə ifadə edir?
-Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək uşaqlıqdan qurduğum ən böyük arzum idi. Start xəttində Azərbaycan bayrağını görmək və ölkəmin adını qürurla daşımaq mənə xüsusi motivasiya verir. Hər yarışda əlimdən gələni edirəm ki, bayrağımızı daha da yüksəklərdə dalğalandırım.

-Azarkeşlərinizə nə demək istərdiniz?
-Mənə inanan, dəstək olan hər kəsə təşəkkür edirəm. Azarkeşlərin sevgisi və etimadı biz idmançılar üçün böyük motivasiyadır. Ümid edirəm ki, gələcək yarışlarda onları daha böyük uğurlarla sevindirəcəyəm.
-Qarşıdakı əsas hədəfləriniz hansılardır?
-Əsas məqsədim Avropa səviyyəli yarışlarda yüksək nəticələr əldə etmək, beynəlxalq reytinqdə irəliləmək və gələcəkdə Olimpiya Oyunlarına lisenziya qazanaraq Azərbaycanı ən mötəbər yarışda təmsil etməkdir.

-Velosiped idmanına yeni başlayan uşaqlara nə tövsiyə edərdiniz?
-Onlara demək istəyirəm ki, səbirli olsunlar. Böyük nəticələr bir günə əldə edilmir. Hər uğurun arxasında illərlə davam edən zəhmət, minlərlə kilometr məşq və saysız-hesabsız çətinliklər dayanır. Əgər bu idmanı həqiqətən sevirsinizsə və məqsədinizdən vaz keçmirsinizsə, gec-tez zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz.
Səmimi söhbətə və dəyərli fikirlərini oxucularımızla bölüşdüyünə görə Süleyman Ələkbərova təşəkkür edir və gələcək yarışlarda yeni qələbələr arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”