05 iyul 2026 17:26
101

Lənkəranda beynəlxalq şahmat festivalı başa çatıb

“Lankaran Open 2026” beynəlxalq şahmat festivalına yekun vurulub.

“İki sahil” xəbər verir ki, bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Doqquz turdan ibarət yarışın A turnirində 7 xal toplayan Macarıstan təmsilçisi Sanan Sjuqirov bütün rəqiblərini qabaqlayaraq “Lankaran Open 2026”nın qalibi adını qazanıb. Eyni xala malik Hindistan şahmatçısı Mayank Çakraborti ikinci yeri tutub. Aktivində 6,5 xal olan Azərbaycan şahmatçısı Şiroğlan Talıbov üçüncü yerlə kifayətlənib.

A qrupunda ən yaxşı qadın iştirakçı kimi Cera Dagariya (Hindistan) mükafat əldə edib.

B turnirində İsmayıl Məmmədli qalib olub. Vüsal Əhmədovla Nihad Eynullayev müvafiq olaraq 2-3-cü yerləri bölüşüblər.

Festival çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid turnirində Mayank Çakraborti (Hindistan), blitsdə isə Ramtin Kakavand (İran) birincilik əldə edib.

Xatırladaq ki, “Lankaran Open 2026” Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Azərbaycan Şahmat Turu” layihəsinin üçüncü turniridir.

Layihənin növbəti yarışı Şamaxıda olacaq.