Budəfəki müsahibimiz Mərziyyə Nurmətovadır. Hələ məktəb illərində stolüstü tennislə tanış olan Mərziyyə qısa müddətdə bu idman növünü həyatının ayrılmaz hissəsinə çevirib. O, ilk məşqlərindən etibarən göstərdiyi əzmkarlıq, zəhmətkeşliyi və məqsədyönlülüyü ilə seçilərək bu gün Azərbaycan stolüstü tennisinin gələcəyinə ümid bəslənilən gənc idmançılar sırasında yer alır.
İndi isə sizi Azərbaycan stolüstü tennisinin perspektivli gənc simalarından biri olan Mərziyyə Nurmətova ilə hazırladığımız geniş müsahibəni təqdim edirik.
- Özünüzü oxuculara qısa təqdim edərdiniz. Stolüstü tennislə tanışlığınız necə başladı və sizi bu idman növünə gətirən əsas səbəb nə oldu?
- Mən Mərziyyə Nurmətovayam, stolüstü tennis ilə məşğul oluram. Bu idman növü ilə ilk tanışlığım təhsil aldığım məktəbdə oldu. Məktəbdə keçirilən stolüstü tennis məşqlərini gördüm, bu idman növünə marağım yarandı və məşqlərə qoşuldum. Zaman keçdikcə stolüstü tennis mənim üçün sadəcə hobbi deyil, həyatımın ayrılmaz hissəsinə çevrildi və bu yolda inkişaf etməyə qərar verdim.
- Stolüstü tennis sürətli reaksiya, çeviklik və taktiki düşüncə tələb edən idman növüdür. Sizcə, onu digər idman növlərindən fərqləndirən əsas xüsusiyyətlər nələrdir? Bu idman növü sizə hansı dəyərləri qazandırıb?
- Stolüstü tennis digər idman növlərindən yüksək sürət, dəqiqlik və taktiki düşüncə tələb etməsi ilə fərqlənir. Oyun zamanı hər qərarı çox qısa vaxt ərzində vermək lazımdır. Bu idman növü mənə intizamlı olmağı, səbirli davranmağı, məsuliyyət hissini və qarşıma qoyduğum məqsədlərə çatmaq üçün daim çalışmalı olduğumu öyrədib.
- Böyük yarışlara hazırlıq zamanı fiziki hazırlıqla yanaşı, psixoloji hazırlığınızı necə qurursunuz? Oyun zamanı sürətli qərar vermək bacarığını necə inkişaf etdirmisiniz?
- Yarışlara hazırlaşarkən həm fiziki, həm də psixoloji hazırlığa xüsusi diqqət yetirirəm. Məşqlərlə yanaşı, diqqətimi tam şəkildə oyuna yönəltməyə, həyəcanımı idarə etməyə və özümə inamı qorumağa çalışıram. Oyun zamanı sürətli qərar vermək bacarığım isə uzunmüddətli məşqlər və qazandığım yarış təcrübəsi sayəsində formalaşıb.
- Stolüstü tennisdə saniyənin kiçik bir hissəsi belə oyunun taleyini həll edə bilir. Sizcə, uğurlu stolüstü tennisçini digərlərindən fərqləndirən əsas xüsusiyyət hansıdır?
- Məncə, uğurlu stolüstü tennisçini digərlərindən fərqləndirən əsas xüsusiyyət soyuqqanlı olmaq və təzyiq altında düzgün qərar verə bilməkdir. Çətin anlarda özünü itirməmək, diqqəti oyundan yayındırmamaq və son ana qədər mübarizə aparmaq uğur qazanmaq üçün vacib amillərdəndir.
- Beynəlxalq arenada Azərbaycanı təmsil etmək sizin üçün nə ifadə edir? Bayrağımızın yüksəlməsi və Dövlət Himnimizin səslənməsi zamanı hansı hissləri yaşayırsınız?
- Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək mənim üçün böyük qürur və eyni zamanda böyük məsuliyyətdir. Hər dəfə ölkəmi təmsil edərkən bunun məsuliyyətini dərindən hiss edirəm. Bayrağımızın yüksəlməsi və Dövlət Himnimizin səslənməsi isə mənim üçün sözlə ifadə olunmayacaq qədər qürurverici və unudulmaz hisslər yaşadır.
- Sizcə, Azərbaycanda stolüstü tennisin bugünkü inkişaf səviyyəsi necədir? Bu sahənin daha da inkişafı üçün hansı addımlar vacibdir?
- Hazırda Azərbaycanda stolüstü tennisə həm idmançılar, həm də həvəskarlar tərəfindən maraq getdikcə artır. Bu sahədə müəyyən inkişaf var və stolüstü tennis zallarının sayı da artırılır. Bununla yanaşı, düşünürəm ki, görüləcək işlər hələ çoxdur. Daha çox turnirlərin təşkili, uşaqlar üçün məşq şəraitinin yaxşılaşdırılması, bölgələrdə bu idman növünün daha geniş inkişaf etdirilməsi və istedadlı idmançılara dəstəyin artırılması mühüm əhəmiyyət daşıyır.
- Qarşıdakı illər üçün əsas hədəfləriniz nələrdir? Dünya və Avropa çempionatları, eləcə də Olimpiya Oyunları ilə bağlı məqsədləriniz haqqında nə deyə bilərsiniz?
- Qarşıdakı illər üçün əsas məqsədim beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmək, Dünya və Avropa çempionatlarında yüksək yerlər tutmaq və gələcəkdə Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməkdir. Bunun üçün daim öz üzərimdə çalışır, məşqlərimi daha məsuliyyətlə davam etdirir və qarşıma qoyduğum hədəflərə addım-addım yaxınlaşmağa çalışıram.
- Stolüstü tennislə məşğul olmaq istəyən uşaqlara və gənclərə hansı tövsiyələri verərdiniz? Bu idman növündə uğur qazanmaq üçün ilk növbədə hansı keyfiyyətlər vacibdir?
- Bu idman növü ilə məşğul olmaq istəyən uşaqlara və gənclərə tövsiyəm odur ki, ilk növbədə səbirli olsunlar, müntəzəm məşq etsinlər və qarşılaşdıqları ilk uğursuzluqlardan ruhdan düşməsinlər. Hər uğurun arxasında böyük zəhmət dayanır. Stolüstü tennisdə uğur qazanmaq üçün intizam, zəhmətkeşlik, güclü iradə, özünəinam və daim inkişaf etmək istəyi ən vacib keyfiyyətlərdəndir.
-Müsahibə üçün təşəkkür edirik...