01 iyul 2026 20:53
80

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 1-də Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.

“İki sahil” xəbər verir ki, qonaqlara kompleksin Qarabağ xanlığının tarixindəki rolu, Pənahəli xanın və xanlıq dövrünün digər görkəmli şəxsiyyətlərinin irsi, eləcə də bu ərazinin Azərbaycan dövlətçilik tarixindəki xüsusi yeri barədə ətraflı məlumat verilib. Bildirilib ki, “İmarət” Kompleksi təkcə tarixi-memarlıq abidəsi deyil, həm də Qarabağın zəngin mədəni yaddaşını özündə yaşadan mühüm irs nümunəsidir.

Diqqətə çatdırılıb ki, ərazidə həyata keçirilən bərpa və yenidənqurma işləri tarixi abidələrin orijinallığının qorunması ilə yanaşı, bölgənin müasir mədəni-turizm mərkəzinə çevrilməsi məqsədi daşıyır.

İştirakçılar kompleksdə yaradılan şəraitlə tanış olub, Qarabağın işğaldan azad olunmasından sonra aparılan genişmiqyaslı dirçəliş prosesini yüksək qiymətləndiriblər.