01 iyul 2026 16:50
160

“Müasir Azərbaycan dili” kitabının IV cildi işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarına əsasən “Müasir Azərbaycan dili. Sintaksis” kitabının IV cildi çapdan çıxıb. “İki sahil” xəbər verir ki, kollektiv əməyin məhsulu olan bu nəşr Müasir Azərbaycan dili şöbəsində çapa hazırlanıb.

Kitabda müasir Azərbaycan dilinin akademik sintaksisi işıqlandırılıb. Kitaba “Ön söz”ün müəllifi və layihə rəhbəri professor İsmayıl Kazımovdur. Nəşrin baş redaktoru professor Nadir Məmmədli, elmi redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyevadır. Rəyçiləri isə filologiya elmləri doktoru, dosent Aynel Məşədiyeva, professor Tofiq Müzəffəroğlu və professor Zemfira Şahbazovadır.

Kitabda Azərbaycan dilinin sintaktik quruluşunda baş verən yeniliklər geniş şəkildə təhlil olunur. Burada internet sintaksisi, morfosintaksis, ekspressiv sintaksis, nitq sintaksisi, kommunikativ sintaksis kimi aktual istiqamətlər işıqlandırılır, həmçinin ənənəvi sintaksisə aid məsələlərə yeni elmi baxış təqdim edilir. “Müasir Azərbaycan dili” kitabında cümlənin baş və ikinci dərəcəli üzvləri, cümlələrin məqsəd və intonasiyaya görə növləri, söz birləşmələri, tabeli və tabesiz mürəkkəb cümlələrin strukturunda müşahidə olunan yeniliklər, ara sözlər, xitablar, bağlamalar, qoşulma cümlələri, həmcins üzvlər və digər sintaktik məsələlər müasir elmi yanaşma əsasında araşdırılıb.

Nəşr Azərbaycan dilinin sintaksisi ilə bağlı gələcək elmi tədqiqatlar üçün faydalı mənbə olmaqla yanaşı, dilin tədrisi və tətbiqi sahəsində də istifadə oluna bilər. Bu baxımdan kitab həm nəzəri, həm də praktik əhəmiyyət daşıyır.

Kitabda çap olunan hissələrin müəllifləri İsmayıl Kazımov, Qəzənfər Kazımov, Zemfira Şahbazova, Sənubər Abdullayeva, Nərgiz Hacıyeva, İntizar Salehova, Aytəkin Ələkbərova, Aytən Bəylərova, Təhminə İsmayılova, Sevinc Məmmədova, Tofiq Müzəffəroğlu, Şəkər Orucova, Gültəkin Əliyeva, Qara Məşədiyev, Qüdsiyyə Qəmbərova və Cəfər Cəfərovdur.