Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” beynəlxalq konqresi çərçivəsində “Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” mövzusunda panel iclas təşkil olunub. “İki sahil” xəbər verir ki, paneldə türk dövlətləri arasında elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq elmi irsin araşdırılması, türkoloji tədqiqatların beynəlxalq müstəvidə inkişafı və universitetlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Panelə moderatorluq edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib ki, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də türk dünyasında elmi inteqrasiyanın dərinləşdirilməsi baxımından aktuallığını qoruyur. O, ortaq elmi layihələrin, akademik mübadilə proqramlarının və türkoloji tədqiqatların əlaqələndirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qırğız Respublikası Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdilacan Axmatəliyev çıxışında türk xalqlarının ortaq ədəbi və mədəni irsinin sistemli şəkildə öyrənilməsinin vacibliyindən bəhs edib. O, elmi araşdırmaların vahid platformada əlaqələndirilməsinin gələcək əməkdaşlıq üçün yeni imkanlar açacağını qeyd edib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi , filologiya elmləri doktoru Qətibə Quliyeva türk dillərinin müqayisəli tədqiqi istiqamətində görülən işlərdən danışaraq, ortaq terminoloji bazanın yaradılması və dilçilik sahəsində beynəlxalq layihələrin əhəmiyyətini diqqətə çatdırıb.
Qırğızıstan–Türkiyə Manas Universiteti Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin direktoru, professor Süleyman Barbaros Yalçın türk dövlətlərinin elmi və strateji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu bildirib, ortaq tədqiqat mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Ardahan Universitetinin rektoru, professor Öztürk Emiroğlu ali təhsil müəssisələri arasında akademik mobilliyin, birgə elmi nəşrlərin və ortaq tədqiqat proqramlarının türk dünyasının elmi inteqrasiyasına mühüm töhfə verdiyini qeyd edib.
Beynəlxalq Vizyon Universitetinin Balkan Araşdırmaları İnstitutunun dosenti Atilla Yorma Tapani isə türk dünyasının Balkan coğrafiyası ilə elmi və humanitar əməkdaşlıq perspektivlərindən bəhs edərək, bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Paneldə çıxış edənlər Birinci Türkoloji Qurultayın irsinin müasir dövrdə türk dövlətləri arasında elmi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını bildirərək, bu sahədə əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans bölmə iclasları ilə davam edib
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar qədim məskunlaşma tarixinin yeni səhifələrini üzə çıxarır
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın açılış mərasimi