30 iyun 2026 19:35
107

Otuz il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Gülməmməd Xanəhməd oğlu Bayramovun 1996-cı il aprelin 10-da qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilən cinayət işinin istintaqı tamamlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarovun qabaqcadan əlbir olan bir qrup şəxs halında 1996-cı il aprelin 10-da Bakı şəhəri, “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində gedərkən avtomobildə onu iplə boğaraq tamah məqsədilə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.

Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

Cari il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.