30 iyun 2026 15:04
93

BDU kriptologiya üzrə kadr hazırlığına başlayır

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Kriptologiya” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu ixtisas çərçivəsində magistrantlara informasiyanın təhlükəsizliyinin təmin edilməsi, məlumatların şifrələnməsi, qorunması və kriptoqrafik sistemlərin təhlili, məxfilik, autentifikasiya, bütövlük və təhlükəsiz rabitə üsulları öyrədiləcək. Kriptoqrafiyanın nəzəri əsasları, müasir şifrələmə alqoritmləri, açıq açarlı və simmetrik kriptosistemlər, rəqəmsal imza texnologiyaları, kriptoanaliz üsulları, təhlükəsiz rabitə protokolları və blokçeyn texnologiyaları izah olunacaq. Tədris prosesində kriptologiyanın iki əsas istiqaməti üzrə: kriptoqrafiya – məlumatın şifrələnməsi və qorunması üsullarının hazırlanması və kriptoanaliz – şifrələmə sistemlərinin təhlili və zəifliklərinin araşdırılması istiqamətində dərslər nəzərdə tutulub.

Müasir dövrdə kriptologiya kibertəhlükəsizlik, elektron hökumət, bank sistemləri, hərbi rabitə, bulud texnologiyaları və kriptovalyutalar üçün strateji əhəmiyyət daşıyan ixtisaslaşma sahəsidir və təhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Bu ixtisaslaşma riyaziyyat, kompüter elmləri və kibertəhlükəsizlik sahələrinin inteqrasiyasına əsaslanır. Tədris müddətində ədədlər nəzəriyyəsi, abstrakt cəbr, diskret riyaziyyat və hesablama mürəkkəbliyi nəzəriyyəsi kimi fundamental elmi sahələrə xüsusi diqqət yetiriləcək.

Bu ixtisaslaşmanı bitirən məzunlar kriptoqrafik sistemlərin layihələndirilməsi, informasiya təhlükəsizliyi həllərinin hazırlanması, təhlükəsizlik auditinin aparılması, rəqəmsal imza və elektron identifikasiya sistemlərinin tətbiqi, eləcə də kibertəhlükəsizlik və blokçeyn layihələrinin inkişafı sahələrində peşəkar fəaliyyət göstərə bilərlər.

Kriptologiya ixtisaslaşmasının əsas məqsədi müasir informasiya sistemlərinin təhlükəsizliyini təmin edə bilən, elmi-tədqiqat və tətbiqi fəaliyyət bacarıqlarına malik rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaqdır.