30 iyun 2026 01:36
98

Aİ və Çin ticarət əlaqələrinin inkişafı üçün yeni məsləhətləşmə mexanizmi yaradıb

Avropa İttifaqının (Aİ) ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç və Çinin ticarət naziri Van Ventao Brüsseldə Aİ-Çin ticarət və investisiya məsləhətləşmələrinin (TIC) ilk iclasını keçiriblər.

“İki sahil” xəbər verir ki, tərəflər yaydıqları birgə bəyanatda yeni məsləhətləşmə mexanizminin məqsədinin ticarət və investisiya sahəsində dialoqu gücləndirmək, ikitərəfli iqtisadi əlaqələri daha sabit və balanslı inkişaf etdirmək olduğunu vurğulayıblar.

Görüşdə ticarət və investisiya balansı, ixrac nəzarəti, əqli mülkiyyət hüquqları və Ümumdünya Ticarət Təşkilatının islahatı əsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib. Bu məsələlər üzrə işin davam etdirilməsi və nazirlər səviyyəsində növbəti görüşün 2026-cı ilin payızında keçirilməsi razılaşdırılıb.

Bununla yanaşı, tərəflər ticarət axınlarını izləmək, məlumat mübadiləsini genişləndirmək, şəffaflığı artırmaq və ticarət sahəsində yaranan problemlərin həllini asanlaşdırmaq üçün birgə monitorinq mexanizmi yaratmaq barədə razılığa gəliblər. Görüşdə bazarlara çıxış imkanlarının artırılması, nadir torpaq elementləri və digər strateji xammallar üzrə əməkdaşlığın genişləndirilməsi, eləcə də Ümumdünya Ticarət Təşkilatının islahatı və əqli mülkiyyət hüquqlarının qorunması məsələləri də müzakirə olunub.