29 iyun 2026 21:29
94

Ekvatorial Qvineya Fransanı diplomatik tədbirlərlə hədələyib

Ekvatorial Qvineyanın vitse-prezidenti Teodoro Nguema Obianq Manqe Fransa hökumətinin Ekvatorial Qvineyanın Parisdəki səfirliyinin binasını satışa çıxarmaq qərarını qanunsuz adlandıraraq, bu addımın beynəlxalq hüququ pozduğunu bəyan edib.

“İki sahil” xəbər verir ki, X platformasında paylaşdığı açıqlamada vitse-prezident Parisin Foş prospektində yerləşən və Ekvatorial Qvineya dövlətinə məxsus olan diplomatik binanın satışa çıxarılmasını iki ölkə arasında uzun illərdir davam edən hüquqi və diplomatik mübahisə fonunda birtərəfli və düşmənçilik xarakterli addım olduğunu bildirib. Onun sözlərinə görə, bu qərar suveren dövlətlər arasında qarşılıqlı hörmət prinsiplərinə ziddir.

Manqe vurğulayıb ki, Ekvatorial Qvineya nə bu satışın hüquqi əsasını, nə də onun nəticələrini tanıyır. O əlavə edib ki, diplomatik münasibətlər qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüququn normaları əsasında qurulmalıdır.

Vitse-prezident xəbərdarlıq edib ki, səfirliyin fəaliyyətini məhdudlaşdıracaq, diplomatların çıxarılmasına və ya binadan istifadəyə mane olacaq istənilən addıma cavab olaraq, ölkəsi qarşılıqlı prinsip əsasında diplomatik tədbirlər görə bilər. Bu tədbirlər sırasında Fransanın Malabodakı diplomatik nümayəndəliyinin istifadə etdiyi binanın geri alınması və fransız diplomatlarının ölkədən çıxarılması da istisna edilmir.

O, həmçinin bildirib ki, Paris mövqeyini dəyişməzsə, Ekvatorial Qvineya Fransa ilə diplomatik münasibətlərini, o cümlədən onların tamamilə dayandırılması ehtimalını yenidən nəzərdən keçirə bilər.

Teodoro Nguema Obianq Manqe Ekvatorial Qvineya Prezidenti Teodoro Obiang Nguema Mbasoqonun oğludur. O, Fransada maliyyə cinayətləri ilə bağlı işlər üzrə 2017-ci ildə məhkum edilib, bu hökm 2020-ci ildə apellyasiya instansiyası tərəfindən qüvvədə saxlanılıb. 2021-ci ildə isə korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması ittihamı üzrə təqsirli bilinərək Foş prospektindəki bina da daxil olmaqla bir sıra əmlakı müsadirə olunub.

Fransa hökuməti ötən həftə binanın hərrac vasitəsilə satılacağını və əldə ediləcək vəsaitin Ekvatorial Qvineya xalqının xeyrinə istifadə olunacağını açıqlamışdı. Malabo hakimiyyəti isə binanın dövlətə məxsus diplomatik obyekt olduğunu və bu səbəbdən satış predmetinə çevrilə bilməyəcəyini vurğulayır.