29 iyun 2026 17:13
105

Millət vəkili Tərtərdə Vətən Müharibəsi əlilini ziyarət edib

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin Deputatı Anar Məmmədov Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Tərtər rayonu Bala Kəngərli kəndində Vətən Müharibəsinin 2-ci qrup əlili Salmanlı İlqar İlham oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.   

“İki sahil” xəbər verir ki, Salmanlı İlqar İlham oğlu Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar Salmanlı “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Döyüşlərdə aldığı xəsarətlərə görə ona ikinci dərəcəli əlillik təyin edilib.

Vətən müharibəsi əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.