28 iyun 2026 16:16
118

Marneulidə ali məktəblərə hazırlaşan soydaşlarımız üçün sınaq imtahanı təşkil olunub

Bu gün Marneulidəki “Azərbaycan Evi”ndə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 1+4 proqramı çərçivəsində universitetə qəbul olmaq istəyən soydaşlarımız üçün sınaq imtahanı keçirilib.

“İki sahil” xəbər verir ki, sınaq imtahanında 150-yə yaxın abituriyent iştirak edib. Onların da 80-dən çoxu GAİM-də fəaliyyət göstərən riyaziyyat və məntiq hazırlıq kurslarının şagirdləridir. Sınaq imtahanı bütün iştirakçılar üçün ödənişsiz olub.

“Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov AZƏRTAC-a müsahibəsində deyib ki, imtahanın keçirilməsində əsas məqsəd abituriyentlərin bilik və hazırlıq səviyyəsinin qiymətləndirilməsi, onların imtahan mühitinə uyğunlaşmasının təmin edilməsi və qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına dəstək göstərilməsdir.

Qeyd edək ki, GAİM-in təcrübəli riyaziyyat və məntiq müəllimləri Fərzin Məşədiyev, Əhmədalı Babaşov və Emin Məmmədov sınaq imtahanının hazırlanması və təşkilində yüksək peşəkarlıq nümayiş etdirərək imtahanın uğurla keçirilməsinə mühüm töhfə veriblər.

“GAİM bundan sonra da gənclərin təhsilinə dəstək məqsədilə bu kimi layihələrin həyata keçirilməsini davam etdirəcək” - deyə, M.İmanov bildirib.

O, daha sonra deyib: “Azərbaycan Evi”nin və GAİM-in əsas məqsədi gənclərin təhsil səviyyəsini yüksəltmək, elmi biliklərini artırmaq və cəmiyyətə inteqrasiyasının gücləndirməkdir. Əsas hədəfimiz gənclərin bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların gələcək uğurları üçün əlverişli imkanlar yaratmaqdır”.