Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 110-cu iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
“İki sahil” xəbər verir ki, qapalı formatda keçirilən iclas zamanı nümayəndə heyətlərinin rəhbərləri Birlik çərçivəsində iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb, həmçinin bir sıra sənədləri müzakirə ediblər.
İqtisadi Şuranın üzvləri MDB Dövlət Başçıları Şurasının 2030-cu ildə əhali siyahıya alınmasının keçirilməsi ilə bağlı qərar layihəsini bəyəniblər. Sənədə əsasən, əhalinin siyahıya alınmasının 2030-cu ilə mümkün qədər yaxın müddətdə keçirilməsi, eləcə də nəticələrin müqayisəliliyinin təmin olunması məqsədilə sosial-iqtisadi və miqrasiya göstəricilərinin vahid siyahısının hazırlanması nəzərdə tutulur.
İclas iştirakçıları Rabitə sahəsində Regional Birlik və İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının 2021–2025-ci illər üzrə fəaliyyəti haqqında hesabatı da nəzərdən keçiriblər. Qeyd olunub ki, hesabat dövründə informasiya-kommunikasiya infrastrukturunun inkişafı, rəqəmsallaşma, informasiya təhlükəsizliyinin təmin edilməsi və rabitə sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib.
İqtisadi Şura, həmçinin, MDB dövlətlərinin əmək fəaliyyətinin normalaşdırılması sahəsində əməkdaşlığının konseptual əsaslarının 2026–2030-cu illərdə həyata keçirilməsinə dair Əsas Tədbirlər Planını təsdiqləyib və rəqabət sahəsində pozuntulardan zərər çəkmiş şəxslərin mülki-hüquqi müdafiəsinə dair məruzəni nəzərdən keçirib.
İclasda MDB ölkələrinin 2025-ci il üzrə makroiqtisadi inkişaf göstəricilərinə xüsusi diqqət yetirilib. İlkin qiymətləndirməyə əsasən, MDB-yə üzv dövlətlərin ümumi daxili məhsulu ümumilikdə 2,1 faiz artıb. İşsizlərin ümumi sayı əvvəlki illə müqayisədə 9 faiz azalaraq 3,6 milyon nəfər təşkil edib ki, bu da işçi qüvvəsinin 3,1 faizinə bərabərdir.
İqtisadi Şuranın üzvləri MDB-nin 2030-cu ilədək İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsinin yekunlarını nəzərdən keçirib, Birlik dövlətləri arasında vergi məlumatlarının elektron mübadilə mexanizminə edilən dəyişiklikləri bəyənib, 2035-ci ilədək meşə təsərrüfatı və meşə sənayesi sahəsində əməkdaşlığın əsas istiqamətlərinin həyata keçirilməsinin birinci mərhələsini təsdiqləyib, həmçinin qarşılıqlı ticarətdə karantin obyektlərinin müəyyən edilməsi metodikalarının qarşılıqlı tanınmasına dair tövsiyələr qəbul ediblər.
MDB İqtisadi Şurasının növbəti iclası bu il sentyabrın 11-də Aşqabadda keçiriləcək.