25 iyun 2026 14:43
102

"ASAN xidmət” BMT Dövlət Xidməti Forumunda diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Gürcüstanın Tbilisi şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidməti Forumu çərçivəsində “Universal xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi” mövzusunda baş tutmuş nazirlər toplantısında çıxış edib.

“İki sahil” xəbər verir ki, Dövlət Agentliyinin sədri Azərbaycanda dövlət xidmətlərinin vətəndaşlar üçün daha əlçatan, şəffaf, operativ və inklüziv təşkili istiqamətində aparılan islahatlardan danışıb. O, “ASAN xidmət” modelinin vətəndaşyönümlü dövlət idarəçiliyinin inkişafında, xidmətlərə bərabər çıxış imkanlarının genişləndirilməsində, vətəndaş məmnunluğunun artırılmasında və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb.

Həmçinin “ASAN xidmət”də vətəndaş iştirakçılığının xüsusi rolu da vurğulanıb. Bildirilib ki, vətəndaşların rəy və təklifləri xidmətlərin təkmilləşdirilməsi, mövcud boşluqların müəyyən edilməsi və islahatların real ehtiyaclara uyğun aparılması üçün mühüm mənbə kimi istifadə olunur. Bu məqsədlə xidmət mərkəzləri, çağrı mərkəzləri, sosial media, onlayn platformalar, könüllülər tərəfindən aparılan sorğular, məmnunluq anketləri və digər kommunikasiya kanallarından istifadə edilir. 

 Auditoriyaya “ASAN xidmət indeksi”, Səyyar ASAN xidmət, süni intellekt əsaslı həllərin tətbiqi, eləcə də “ASAN xidmət” modelinin beynəlxalq sahədə əldə etdiyi nailiyyətlər barədə də məlumat verilib. 

Toplantıda BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, eləcə də 10 ölkədən müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri iştirak ediblər.
Bununla yanaşı Dövlət Agentliyinin nümayəndələri Forum çərçivəsində təşkil olunan müxtəlif sessiyalarda çıxış edib, "ASAN xidmət"in innovativ dövlət xidmətlərinin göstərilməsi sahəsindəki təcrübəsinə dair tədbir iştirakçılarını məlumatlandırıblar.