Hər il 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda böyük qürur və ehtiram hissi ilə qeyd olunur. Bu əlamətdar tarix yalnız Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq üçün deyil, həm də onun gücünü formalaşdıran mənəvi amillər haqqında düşünmək baxımından mühüm əhəmiyyət daşıyır. Ordunun döyüş qabiliyyəti, peşəkarlığı və texniki təchizatı ilə yanaşı, milli-mənəvi dəyərlərə bağlılığı, ana dilinə hörməti və yüksək ünsiyyət mədəniyyəti də onun qüdrətini müəyyən edən əsas amillərdəndir.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü söyləyib. O qeyd edib ki, dil xalqın tarixi yaddaşını, milli kimliyini, mənəvi irsini yaşadan ən mühüm amillərdən biridir. Azərbaycan dilinin dövlət dili kimi inkişafı və onun bütün sahələrdə, o cümlədən hərbi mühitdə düzgün tətbiqi dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, hərbi ünsiyyət mədəniyyəti ordunun fəaliyyətində mühüm əhəmiyyət daşıyır. Orduda əmr və göstərişlərin vaxtında, dəqiq və aydın şəkildə çatdırılması döyüş hazırlığının, nizam-intizamın və idarəetmə sisteminin səmərəliliyini müəyyən edən əsas şərtlərdəndir. Bu baxımdan ana dilinin zəngin imkanlarından istifadə edilməsi, hərbi terminologiyanın düzgün işlədilməsi və nitq mədəniyyətinin qorunması xüsusi önəm kəsb edir.
“Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu göstərir ki, müasir hərbi quruculuq yalnız texniki təchizatın gücləndirilməsi ilə məhdudlaşmır. Şəxsi heyətin peşəkar hazırlığı, milli-mənəvi dəyərlərə bağlılığı və yüksək ünsiyyət mədəniyyəti də ordunun döyüş qabiliyyətinin vacib komponentlərindəndir. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər bir daha sübut etdi ki, güclü ordu yalnız silah və texnika ilə deyil, həm də milli ruh, mənəvi birlik və vahid ideya ətrafında səfərbər olan şəxsi heyətlə formalaşır”,- deyə o bildirib.
Alim qeyd edib ki, müasir informasiya mühitində hərbi kommunikasiya anlayışı daha geniş məna kəsb edir. Bu gün ordu ilə cəmiyyət arasında əlaqələrin qurulmasında, vətənpərvərlik ideyalarının təbliğində, gənc nəslin milli ruhda tərbiyəsində kütləvi informasiya vasitələri və sosial media mühüm rol oynayır. Bu prosesdə ana dilinin qorunması və düzgün istifadəsi milli informasiya təhlükəsizliyinin vacib tərkib hissəsi kimi çıxış edir.
Onun fikrincə, ana dili və hərbi ünsiyyət mədəniyyəti Azərbaycan Ordusunun mənəvi gücünü tamamlayan mühüm amillərdir. Dövlət dilinə hörmət, yüksək ünsiyyət mədəniyyəti və milli dəyərlərə sədaqət güclü ordunun, qüdrətli dövlətin və qalib xalqın əsas göstəricilərindəndir.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı “Silahlı Qüvvələrimiz – Milli Qürurumuz” mövzusunda tədbir keçirib
Nəzarətsiz ərazilərdə çimmək, xəbərdarlıqlara məhəl qoymamaq və uşaqları nəzarətsiz buraxmaq həyati risk yaradır