Şuşa rayonunun Sarıbaba kəndi Qarabağın dağlıq hissəsində, təxminən 1500 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsidir. Ərazi uzun müddət hərbi nəzarət zonası olub və bu istiqamətdə döyüşlər aparılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, kənd ərazisində aparılan texniki tədqiqat əməliyyatları nəticəsində ərazi döyüş sahəsinin təmizlənməsi kimi qiymətləndirilib. Döyüş sahəsinin təmizlənməsi əməliyyatları yerüstü və yeraltı təmizləmə üsulları ilə həyata keçirilir. Ərazidəki dik yamaclar və meşəlik sahələr partlayıcı sursatların vizual aşkarlanmasını çətinləşdirən amillərdəndir.
Bundan əlavə, dağlıq ərazilərdə tez-tez və gözlənilmədən dəyişən hava şəraiti və temperatur fərqləri minaaxtaranların fəaliyyətini daha da mürəkkəbləşdirir.
Bütün bu çətinliklərə baxmayaraq, minaaxtaranlar yüksək peşəkarlıq, diqqət və əzmkarlıq nümayiş etdirərək ərazinin təhlükəsiz hala gətirilməsi istiqamətində əməliyyatları davam etdirirlər. Onların fədakar fəaliyyəti regionda təhlükəsizliyin təmin olunması və gələcək bərpa-quruculuq işlərinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Şuşa rayonunun Sarıbaba kəndinin yenidən qurulması ilə bağlı ərazinin təmizlənməsi layihəsi çərçivəsində 82 hektar ərazi təmizlənib, 14 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Akşin Əlili: Rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, qeyri-rəsmi ərazilərdə isə...
Nadir Məmmədli: Azərbaycan dili və Azərbaycan Ordusu müstəqil dövlətçiliyimizin ən mühüm dayaqlarıdır