25 iyun 2026 11:34
106

Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik riskləri audit peşəsi qarşısında yeni çağırışlar qoyur

Rəqəmsallaşma, süni intellekt, elektron sənəd dövriyyəsi, kibertəhlükəsizlik riskləri və böyük məlumat bazalarının idarə olunması audit peşəsi qarşısında yeni çağırışlar qoyur.

“İki sahil” xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov “Azərbaycanda İnsan Hüquqları Günü”nə həsr olunmuş “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfransda deyib.

Palata sədri bildirib ki, son vaxtlar sürətlə genişlənməyə başlamış kiberdələduzluq dünya iqtisadiyyatına ÜDM-in 10 faiz həcmində zərər gətirir.

“Aparılan tədqiqatlar göstərir ki, müəssisə daxilində kibertəhlükəsizlik təhlükəsizliyi səbəbləri bunlardır: 56 faiz - əməkdaşların səhlənkarlığı; 26 faiz - əməkdaşların bilərəkdən törətdikləri əməllər; 18 faiz - uçot məlumatlarının oğurlanması. Araşdırılmış şirkətlərin 60 faizə qədərində kiberdələduzluq halları aşkar olunub. Müasir auditor elektron sübutların etibarlılığını, avtomatlaşdırılmış nəzarət sistemlərini, məlumatların bütövlüyünü, giriş hüquqlarını, kiberrisklərin maliyyə hesabatlarına təsirini və rəqəmsal əməliyyatların risk profilini qiymətləndirən yüksək ixtisaslı peşəkardır. Bu baxımdan Auditorlar Palatasının qarşısında duran əsas vəzifələrdən biri auditin rəqəmsal transformasiya dövrünə uyğun etik dayaqların inkişafını təmin etməkdir. Azərbaycan Respublikasının Prezidentinin dünya üçün nümunə olan uğurlu idarəetməsi və dövlətimizin müəyyən etdiyi siyasi kurs üzrə ölkəmizdə həyata keçirilən islahatlar göstərir ki, dövlət idarəçiliyində şəffaflıq, səmərəlilik, sosial məsuliyyət və hesabatlılıq strateji prioritetdir. Auditorlar Palatası bu prioritetlərin həyata keçirilməsinə öz peşəkar töhfəsini verməyi özünün mühüm missiyası hesab edir. Bu mənada biz audit peşəsini daha nüfuzlu, daha məsuliyyətli, daha müasir və daha təsirli peşə təsisatına çevirmək üçün fəaliyyətimizi davam etdirəcəyik. Məqsədimiz odur ki, nəinki Azərbaycanda, bütün Cənubi Qafqaz və türk dövlətlərində bizim auditor rəyi etimad sənədi kimi qəbul edilsin - auditin sahibkar üçün inkişaf aləti, dövlət üçün etibarlı informasiya mənbəyi, investor üçün güvən təminatı, cəmiyyət üçün isə şəffaflıq və hesabatlılıq mexanizmi kimi dəyərləndirilməsi təmin edilsin", - deyə Auditorlar Palatasının sədri qeyd edib.