Maşinist kabinasında əyləşmək yalnız texniki bilik yox, həm də dəmir intizam və polad iradə tələb edir
Müasir şəhər həyatının sürətli və fasiləsiz ritmini təmin edən ən mühüm nəqliyyat sistemlərindən biri Bakı Metropolitenidir. Gündəlik olaraq yüz minlərlə sərnişinin daşınmasını həyata keçirən bu sistem təkcə texniki qurğuların deyil, həm də yüksək məsuliyyət, diqqət və peşəkarlıq tələb edən insan əməyinin məhsuludur. Şəhərin yeraltı qatlarında, sükutun və dəqiqliyin hökm sürdüyü bir məkanda çalışan metro maşinistləri bu böyük sistemin ən vacib və ən məsuliyyətli fiqurlarından sayılırlar.
Onların işi sadəcə qatarı idarə etməkdən ibarət deyil. Hər bir siqnalın düzgün oxunması, hər bir qərarın saniyələr içində verilməsi və sərnişinlərin təhlükəsizliyinin fasiləsiz təmin olunması bu peşənin əsas mahiyyətini təşkil edir. Burada diqqət yayınması, emosional qeyri-sabitlik və ya bir anlıq səhv belə ciddi nəticələrə səbəb ola bilər. Ona görə də metro maşinistliyi yüksək intizam, güclü psixoloji dayanıqlıq və dərin məsuliyyət hissi tələb edən xüsusi bir peşədir.
Bizim müsahibimiz Bakı Metropolitenində artıq 8 ildir qatar maşinisti kimi çalışan İlqar Zeynalovdur. O, bu illər ərzində qazandığı təcrübəyə əsaslanaraq metro sisteminin görünməyən tərəflərini, peşənin çətinliklərini, məsuliyyət yükünü və eyni zamanda bu işin insana qazandırdığı dəyərləri bizimlə bölüşür. Uşaqlıq illərindən metroya olan marağından başlayan yolun necə böyük bir peşə məsuliyyətinə çevrildiyini danışan müsahibimiz, oxucuları yeraltı dünyanın real və maraqlı həyatı ilə tanış edir.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
-Mən İlqar Zeynalov. Artıq 8 ildir ki, Bakı Metropolitenində qatar maşinisti vəzifəsində çalışıram. Hər gün yüz minlərlə insanın mənzil başına təhlükəsiz, rahat və vaxtında çatmasının məsuliyyətini çiyinlərimdə daşıyıram. Yerin onlarla metr dərinliyində, şəhərin yeraltı nəbzini tutan bu çətin, həm də qürurlu peşənin sahibiyəm. Qısacası, mən Bakının yeraltı yollarının bələdçisiyəm."
-Metro maşinisti olmaq arzunuz necə yarandı və bu peşəyə gəliş hekayəniz necə oldu?
-Bakı şəhərində böyüyüb boya-başa çatmışam. Evimiz «Neftçilər» metrostansiyasının yaxınlığında yerləşirdi. Ən çox istifadə etdiyimiz nəqliyyat vasitəsi də metro idi. Uşaq yaşlarımda metroya daxil olanda özümü sanki başqa bir aləmdə hiss edirdim. Tunelin o özünəməxsus qoxusu, qatar gəlməmişdən öncə platformaya vuran küləyi mənə bənzərsiz bir zövq verirdi. Vaqona daxil olanda isə diqqətimi həmişə pəncərədəki o sehrli görüntü çəkərdi. Tunel divarlarından asılmış müxtəlif elektrik kabelləri qatar hərəkət etdikcə sanki rəqs etməyə başlayırdı. Onlara baxıb xəyallara dalırdım və düşünürdüm: görəsən, maşinist kabinasından görünüş necədir? Bir də ayılırdım ki, valideynlərim «çatdıq, düşürük» deyir. Məncə, bu hisslər uşaqlıqda qəlbimə düşən bir qığılcım idi. Zamanla o qığılcım alovlanıb böyük bir hədəfə çevrildi. Hədəfi məqsədə çevirdim, məqsədi isə reallığa.
Hər saniyəni dəqiqliklə hesablamaq, eyni zamanda,
sərnişinlərin o anlarda gərginliyini anlayışla qarşılayıb
qatarı qrafikdən geri qoymamaq böyük ustalıq tələb edir
-Maşinist olmaq üçün hansı təhsil, təcrübə və xüsusi hazırlıq mərhələlərindən keçmək lazımdır?
-Maşinist kabinasında əyləşmək yalnız texniki bilik yox, həm də dəmir intizam və polad iradə tələb edir. Bu yola addım atan şəxs həm də tibbi və psixoloji sınaqlardan keçməlidir. Görüb müşahidə aparmaq qabiliyyəti, reaksiyaların sürəti, diqqətin yayınmaması və stressə davamlılıq ən yüksək səviyyədə olmalıdır. Bu mərhələni uğurla adlayan iddialılar üçün Bakı metropoliteninin Təlim-tədris mərkəzində aylarla davam edən nəzəri və praktiki kurslar başlanır. Burada qatarın konstruksiyası, hərəkətin təhlükəsizlik qaydaları və fövqəladə hallarda nasazlıqların qısa vaxtda aradan qaldırılması yolları ən xırda detalına qədər öyrədilir. Metropoliten infrastrukturu, bura tunellər və buradakı avadanlıqlar, depo, təmir, baxış, qulluq və xidməti sahələr də öyrədilir. Nəzəriyyə və trenajorda simulyasiyalarla qatar idarə etməyin incəlikləri, dediyim böhran, qəza vəziyyətlərində qərarvermə bacarığı öyrədilir. İmtahanlarda hər bir mərhələni uğurla keçmək lazımdır. Bütün bunlar metropoliten tunel, yol, stansiya və hərəkətin təşkilini əks etdirən real məkan anlayışı və real tapşırıqlar şəraitində simulyasiya olunur. Sonra isə ən məsuliyyətli mərhələ gəlir: təcrübəli maşinist-təlimatçıların ciddi nəzarəti altında yüzlərlə saatlıq yürüş təcrübəsi yığılır. Bir sözlə, o kabinaya gedən yol bir gündə qət edilmir; bura gərgin əməyin və böyük məsuliyyətin bəhrəsidir.
-Bir iş gününüz necə başlayır və hansı mərhələlərdən ibarət olur?
-İş günü 4 növbədə keçir. 3 növbə sübhə yaxın olur və təxminən 4 saat çəkir, sonrakı 2 növbə hərəsi 8 saatdır. 4-cü dediyim isə evdə istirahət günüdür. İş günü ərzində əvəzləmələr də verilir. Bubrejim son illərdə tətbiq edilib və maşinistin işi daha da rahat olub. Əvvəllər gecə növbəsindən çıxan işdə qalır və səhər yenidən qatarı idarə edirdi. Sonra isə dəyişdi, indi gecə evə metropolitenin ayırdığı nəqliyyat vasitələri ilə çatdırılırıq, sübh tezdən işə gələnlər də eyni qayda ilə gətirilir. Birinci növbə saat 04:30-da başlanır. Şəhər hələ tam oyaq deyil, amma maşinist artıq xüsusi formasını geyinib iş başındadır. Amma qatarla görüşə qədər mütləq bir mərhələ də var: tibbi müayinə. Təzyiq, nəbz, alkotest və ümumi sağlamlıq yoxlanılır. Əgər hər şey qaydasındadırsa, depoya daxil olub qatarı təhvil alıram. Hərəkətə başlamazdan əvvəl qatarın bütün texniki və elektron sistemlərini, əyləcləri tək-tək yoxlayıram. Və dispetçerin icazəsi ilə qaranlıq tunellərə doğru ilk səfərə çıxıram. Şəhər yuxudan ayılanda biz artıq xəttə oluruq. Gün ərzində stansiyalar bir-birini əvəz edir, minlərlə sərnişin vaqonlara dolur və boşalır. Hər an diqqət siqnallarda, platformada və yolda, qurğulardadır. Növbə bitdikdə estafeti növbəti həmkarıma ötürürəm.

-Sürmə zamanı ən çox diqqət yetirdiyiniz təhlükəsizlik məqamları hansılardır?
-Bilirsiniz, kabinaya keçib qapını bağladığım andan etibarən mənim üçün çöldəki dünya dayanır. O an ağlımda yalnız bir fikir olur: arxamda minlərlə insan var və onların hər birini ailəsi, sevdikləri gözləyir. Mənə inanaraq o vaqonlara əyləşiblər. Qısacası, mənim üçün ən böyük təhlükəsizlik qaydası elə bu ayıq-sayıqlıq və məsuliyyətdir.
-Pik saatlarda metro idarə etmək digər vaxtlarla müqayisədə nə dərəcədə fərqli və çətindir?
-Pik saatlarını metronun 'imtahan saatı' adlandırmaq olar. Bu vaxt intervallar minimuma enir, qatarlar arasındakı məsafə və zaman kəsiyi kəskin azalır. Sərnişinlərin təbii tələskənliyi qapıların vaxtında bağlanmasını çətinləşdirir. Məhz belə anlarda maşinistin əsl peşəkarlığı üzə çıxır. Hər saniyəni dəqiqliklə hesablamaq, eyni zamanda sərnişinlərin o anlarda gərginliyini anlayışla qarşılayıb qatarı qrafikdən geri qoymamaq böyük ustalıq tələb edir. Sərnişin tələsir, amma maşinist həm o tələskənliyi idarə etməli, həm də təhlükəsizlikdən bir addım belə güzəştə getməməlidir.
-Yaddaşınızda qalan, emosional təsir göstərən sərnişinlə bağlı bir hadisə varmı?
-Heç unutmadığım və məni xatirələrə aparan bir hadisə var. Bir dəfə qatarı stansiyada saxlayanda platformada balaca bir uşağın anasının əlindən çıxıb, birbaşa mənim kabinama tərəf qaçdığını gördüm. Yaxınlaşıb balaca əlləri ilə pəncərəyə toxundu, mənə baxıb əl salladı. Gözlərində elə bir təmiz heyranlıq, elə bir maraq var idi ki... O an sanki zaman dayandı və mən o uşaqda öz uşaqlığımı gördüm. Əlbəttə və çox təəssüf ki, maşinistin həmin anda sərnişinlə ünsiyyətinə, kabinanın qapısını açmağa səlahiyyəti yoxdur. Bu kobud pozuntudur və yolverilməzdir. Ona yalnız kabinadan gülümsəyib eyni səmimiyyətlə əl salladım. Qatar hərəkətə başlayana qədər gözlərini məndən çəkmədi. O uşağın saf sevinci, o baxışındakı inam bütün günün, bəlkə də bütün ayın yorğunluğunu bir saniyədə ruhumdan yuyub apardı. O an bir daha anladım ki, mən, sadəcə, bir texnikanı idarə etmirəm, həm də kimlərinsə uşaqlıq xəyallarını yaşayıram.

-Sərnişinlərin xəbəri olmadan maşinist kabinəsində baş verən ən maraqlı və ya çətin hadisələrdən birini bizimlə bölüşə bilərsinizmi?
-Metroda elə texniki nasazlıqlar olur ki, avtomatlaşdırılmış sistem təhlükəsizlik üçün qatarı dərhal özü əyləcləyir və hərəkəti dayandırır. Amma elə vəziyyətlər də var ki, orada hər şey maşinistin soyuqqanlılığından və qərar vermək bacarığından asılıdır. Bir dəfə tuneldə hərəkətdə olarkən qatarın ön işıqları — faraları qəfil söndü. Bir anın içində hər tərəf zülmət qaranlığa qərq oldu. Təsəvvür edin, arxada yüzlərlə sərnişin tam rahat şəkildə mənzil başına gedir, amma maşinist kabinəsində bir saniyədə tamamilə fərqli bir reallıq yaranır.
Artıq təkcə relslər üzərində yox,normal gündəlik həyatımda da
hər addımımı planlı, dəqiq və vaxtında atıram.
Metro mənə zamanı idarə etməyi yox, zamana hörmət etməyi
və onun hər anının qədrini bilməyi öyrətdi
Sərnişin salonunun işıqları yandığı üçün onların heç nədən xəbəri olmur. Əslində, bu, texniki olaraq o qədər də mürəkkəb nasazlıq sayılmır. Belə vəziyyətdə maşinist dərhal faranın qida blokunun avtomat elektrik açarlarını yoxlamalıdır. Əgər nasazlığı aradan qaldırmaq mümkün olmursa, növbəti addım qatar dispetçeri ilə əlaqə saxlayıb tunel işıqlarının qoşulmasını və qatarın depoya verilməsini (bu halda qatar depodan verilən qatarla əvəzlənir) tələb etməkdir. Elə də etdim və hər şey qaydasında tamamlandı. Sərnişinlərimiz isə heç bir problem hiss etmədən, tam təhlükəsiz şəkildə stansiyaya çatdılar. Bu peşənin bəlkə də ən maraqlı tərəfi budur -kabinada maşinist görünməz problemi həll edəndə, vaqonda hər şey sakit və hüzurlu olmalıdır."
-Metro tunelində baş verən texniki nasazlıqlar zamanı hansı operativ addımlar atılır?
-Tuneldə hər hansı bir texniki nasazlıq yaranarsa, sərnişinlər fərqinə varmasalar da, pərdəarxasında nəhəng bir sistem saniyələr içində hərəkətə keçir. Belə anlarda maşinist heç vaxt tək olmur, bütün struktur vahid bir mexanizm kimi səfərbər olur. Başda qatar dispetçeri olmaqla, mərkəzləşmə məntəqəsi və stansiya növbətçiləri eləcə də təlimatçı maşinistlər dərhal operativ rabitə əlaqəsi ilə maşinistə dəstək verirlər. Biz yarana biləcək hər bir fövqəladə ssenariyə qarşı Təlim-Tədris Mərkəzində saatlarla, günlərlə məşq edirik. Hansı nasazlıqda nasazlığın necə aradan qaldırılacağı bizdə artıq bir refleksə, avtomatlaşmış addımlara çevrilib. Bu səbəbdən kənardan çox qorxulu və gərgin görünən vəziyyətləri biz peşəkar komanda işi və soyuqqanlılıq sayəsində sərnişinlərə hiss etdirmədən, operativ şəkildə həll edirik. Bizim üçün ən böyük qələbə nasazlığı sərnişinə hiss ettirmədən problemi yoluna qoymaqdır."
-Sürmə zamanı psixoloji rahatlığı qorumaq və yüksək diqqəti saxlamaq üçün şəxsi üsullarınız varmı?
-Kabinaya daxil olub qapını bağladığım an, şəxsi həyatımdakı bütün qayğıları, problemləri o qapının arxasında qoyuram. Çünki yaxşı bilirəm ki, arxamda yüzlərlə insanın həyatı, əmanəti var. Yeraltı yollarda saatlarla hərəkət etmək zamanla insanda müəyyən bir monotonluq yarada bilər ki, bu da diqqətin yayınması üçün ən böyük təhlükədir. Bunun qarşısını almaq üçün bizim çox ciddi daxili təlimatlarımız və xüsusi üsullarımız var. Məsələn, xətdə qatarı idarə edərkən qarşımıza çıxan hər bir siqnalı, sürət həddini və stansiyaya yaxınlaşdıqda ucadan 'stansiya' sözünü təkrar edirik. Kabinada tək olsam da, bu qaydaları öz-özümə səsləndirmək beynimi daim oyaq saxlayır, diqqətimi hər saniyə qorumağa kömək edir. Bir sözlə, mən kabinada həm qatarı idarə edirəm, həm də öz fikirlərimi."
Əgər dəmir intizamı sevirsinizsə, polad kimi iradəniz varsa
və ən əsası, hər gün yüz minlərlə insana xidmət etməkdən
mənəvi zövq ala bilirsinizsə, maşinistlik dünyanın ən qürurlu peşəsidir
-Metro maşinistlərinin iş qrafiki və istirahət rejimi necə tənzimlənir?
-Düzünü desəm, bizim iş qrafikimiz kənardan göründüyündən qat-qat ağırdır və çox böyük həyat fədakarlığı tələb edir. Metro sərnişinlər üçün səhər saat 06:00-dan gecə 00:00-a qədər açıq olsa da, maşinistin iş saatları bu çərçivəyə sığmır. Bizim növbələrimiz səhər, günorta və gecə olmaqla tamamilə fərqli rejimlərdə tənzimlənir. Məsələn, ilk qatarın xəttə çıxması üçün saat 05:30-da artıq hər şey hazır olmalıdır. Bu isə o deməkdir ki, səhər növbəsində olan maşinist hələ şəhər zülmət içində ikən — saat 04:30-da evdən çıxmalıdır. Eyni vəziyyət gecə növbəsində də yaşanır: metro qapıları saat 00:00-da bağlansa da, sonuncu sərnişini mənzil başına çatdırmaq, qatarı depoya təhvil vermək bəzən gecə saat 01:00-a qədər çəkir. Maşinistin evə çatması isə gecə saat 02:00-ı tapır. Belə gərgin ritmdə insanın bioloji saatı tamamilə alt-üst olur. Buna görə də bizim üçün istirahət sadəcə 'boş vaxt' deyil; bu, növbəti xəttə yüz faiz ayıq və diqqətli çıxmaq üçün sərnişinlərin təhlükəsizliyinə verilən zəmanətdir. Bu səbəbdən növbələrarası 2 gün ardıcıl istirahət mütləqdir".

-İşinizin sizə qazandırdığı ən böyük peşəkar və şəxsi keyfiyyətlər hansılardır?
-Qatarı idarə etdiyim bu 8 il mənim üçün sadəcə bir iş təcrübəsi olmadı, həm də xarakterimi tamamilə yenidən formalaşdıran böyük bir məktəb oldu. Peşəkar baxımdan bu kabina mənə saniyələrlə hərəkət etməyi və ən kritik anlarda belə duyğularımı kənara qoyub, soyuqqanlı şəkildə düzgün qərar verməyi öyrətdi. Şəxsi həyatımda isə metro məni tamamilə fərqli bir insana çevirdi. Mən bura gəlməzdən əvvəl bəlkə də zamanın bu qədər qiymətli olduğunu bilmirdim. İndi isə həyatımın hər dəqiqəsini, hər addımını hesablamağa vərdiş etmişəm. Artıq təkcə relslər üzərində yox, normal gündəlik həyatımda da hər addımımı planlı, dəqiq və vaxtında atıram. Qısacası, metro mənə zamanı idarə etməyi yox, zamana hörmət etməyi və onun hər anının qədrini bilməyi öyrətdi.
-İşinizdə sizi ən çox motivasiya edən və qürurlandıran məqam nədir?-Mənim işimdə sərnişinlərlə maşinist arasında gözlə görünməyən, amma çox qüvvətli bir inam bağı var. Vaqonlara əyləşən insanlar kabinada kimin olduğunu, onun simasını görmürlər,sadəcə o qatarın onları təhlükəsiz mənzil başına çatdıracağına inanırlar. Bax, bu qaranlıq tunellərdə hər gün yüz minlərlə insanın mənə, sonsuz güvənməsi mənim bu həyatdakı ən böyük motivasiyamdır.
-Texnologiyanın inkişafı ilə gələcəkdə metro maşinistliyində hansı dəyişiklikləri gözləyirsiniz?
-Bu gün dünyada tam avtomatlaşdırılmış, maşinistsiz fəaliyyət göstərən metro xətlərinin sayı getdikcə artır. Bakı Metropoliteni də bu qlobal trendlərdən geri qalmır; infrastrukturumuz müasirləşir, süni intellektə əsaslanan idarəetmə sistemləri yenilənir və daha təhlükəsiz, yeni nəsil qatarlar xəttə buraxılır. Gələcəkdə avtomatlaşdırma sistemlərinin daha da inkişaf edəcəyini, nəzarət imkanlarının genişlənəcəyini gözləyirəm. Bu texnoloji sıçrayış fonunda maşinistin rolu qatarı fiziki olaraq idarə etməkdən daha çox, intellektual sistemləri idarə edən və prosesi izləyən bir 'operator-mühəndis' statusuna keçəcək. Texnologiya bizim rəqibimiz yox, sərnişin təhlükəsizliyi yolundakı ən güclü köməkçimizdir.
-Gənclərə bu peşəni seçmək istəsələr, hansı məsləhətləri verərdiniz?
-Gənclərə ən birinci məsləhətim odur ki, bu peşəni sadəcə maşinist kabinasının kənardan görünən o sirli, cəlbedici tərəfinə aldanıb seçməsinlər. Bu yolu addımlamaq istəyən hər bir gənc ilk növbədə onun çətinliyini, çiyinlərə qoyduğu o böyük məsuliyyəti dərk etməlidir. Əgər dəmir intizamı sevirsinizsə, polad kimi iradəniz varsa və ən əsası, hər gün yüz minlərlə insana xidmət etməkdən mənəvi zövq ala bilirsinizsə, maşinistlik dünyanın ən qürurlu peşəsidir. Gələcək həmkarlarıma tövsiyə edirəm ki, heç vaxt öyrənməkdən və çətinliklərdən qorxmasınlar. Çünki metropoliten ucu-bucağı görünməyən böyük bir elmdir və bu elmdə hər gün yeni bir şey öyrənirsən. Bu yola ürəyini qoyan hər bir gəncə uğurlar arzulayıram.
Metro maşinistinin fəaliyyəti sadəcə texniki idarəetmə prosesi deyil, bu, insan həyatına birbaşa təsir edən böyük bir məsuliyyət missiyasıdır. Hər gün yüz minlərlə sərnişinin etibarını qazanmaq, onların təhlükəsizliyini təmin etmək və şəhərin hərəkət ritmini qorumaq bu peşənin əsas mahiyyətini təşkil edir. İlqar Zeynalovun da vurğuladığı kimi, maşinist kabinasında keçən hər an böyük diqqət və soyuqqanlılıq tələb edir. Orada verilən hər bir qərar minlərlə insanın təhlükəsizliyinə təsir edə biləcək gücdədir. Məhz buna görə də bu peşə yalnız bilik və bacarıq deyil, həm də güclü xarakter, məsuliyyət və peşəyə sevgi tələb edir. Bu müsahibə bir daha göstərir ki, metro maşinistləri şəhərin görünməyən qəhrəmanlarıdır. Onlar yeraltı tunellərdə səssiz şəkildə çalışaraq Bakının həyat ritminin dayanmadan davam etməsinə xidmət edirlər. Onların əməyi sayəsində şəhər hər gün bir az daha sürətli, daha təhlükəsiz və daha nizamlı hərəkət edir.
Sonda müsahibədə iştirak etdiyi və dəyərli fikirlərini bizimlə bölüşdüyü üçün İlqar Zeynalova *təşəkkür edirik*. Onun təcrübəsi və düşüncələri bu peşənin nə qədər məsuliyyətli və eyni zamanda qürurverici olduğunu bir daha göstərdi.
Yaqut Ağaşahqızı, “İki sahil”