23 iyun 2026 12:15
153

Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri  Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır.  İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun  Azərbaycana  dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinın gələcək inkişafı üçün yeni imkanlar yaranır. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.

Prezident İlham Əliyev bu il aprel ayının əvvəlində  Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edərkən  diqqəti bir daha bu reallıqlara yönəltdi ki, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə  əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır. Azərbaycan və Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyini və funksionallığını təmin edən iki əsas həlqədir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə yüksək dinamika müşahidə olunur. Prezident İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci ilin  avqust ayında  Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir. Həmin səfərlər zamanı Prezidentlərin təkbətək və geniş tərkibdə keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar və onlara nail olmaq üçün vahid mövqenin ortaya qoyulması, imzalanan sənədlər əlaqələrin inkişafında yol xəritəsi kimi dəyərləndirilir. Türkmənistan Prezidentinin ölkəmizə dövlət səfəri də bu baxımdan diqqətdə oldu. Belə ki, Azərbaycan və Türkmənistan Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirildi, mətbuata birgə bəyanatlarla çıxış etdilər. Geniş tərkibdə görüşdə Azərbaycana dövlət səfərinə gəldiyinə görə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təşəkkür edən dövlətimizin başçısı İlham Əliyev bu səfərə çox böyük əhəmiyyət verdiyini, onun ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət göstərəcəyinə əminliyini ifadə etdi. Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu bildirdi. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini qeyd edən Prezident İlham Əliyev bunun, həmçinin qarşılıqlı fəaliyyətimizdə də mühüm amil olduğunu qeyd etdi.  Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını bildirdi. Türkmənistan Prezidenti səfərinin ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olacağına əminliyini bildirdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, mətbuata bəyanatında “Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində  əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. Bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Bu reallıq da diqqətə çatdırıldı ki,  Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda hər iki ölkə   səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədir. Səfər çərçivəsində imzalanan 10-dan artıq sənəd münasibətlərdə yeni  mərhələnin əsası kimi qiymətləndirilir.

Bu mühüm məqamı da qeyd etməliyik ki, karbohidrogen ehtiyatlarının səmərəli idarə edilməsi, birgə işlənməsi və dünya bazarlarına çıxarılması Bakı-Aşqabad münasibətlərinin strateji istiqamətlərindən birini təşkil edir. 2021-ci ildə Xəzər dənizdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Azərbaycan Türkmənistanın zəngin enerji resurslarının Qərbə ötürülməsində mühüm tranzit tərəfdaşıdır. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng infrastruktur layihələri Türkmənistan resurslarının dünya bazarına inteqrasiyasında mühüm rol oynayır. Bu əməkdaşlıq təkcə enerji təhlükəsizliyinin gücləndirilməsinə deyil, eyni zamanda, Xəzər regionunda iqtisadi əlaqələrin və regional tərəfdaşlığın inkişafına xidmət edir. İki ölkə arasında dostluğun daha bir nümunəsi isə Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün nəzərdə tutulan 8 min tonluq neftdaşıyan tankerin tikintisidir. 2023-cü ildən tikintisinə başlanılan tankerin inşası üzrə işlər tamamlanıb. Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi. Bu tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir.

Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. 2025-ci ilin oktyabrında Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyət Günləri, eləcə də 2026-cı ilin iyununda Aşqabad və Arxadağ şəhərlərində təşkil olunan Azərbaycan Mədəniyyət Günləri ölkələrimizin zəngin mədəni irsinin tanıdılmasına, xalqlar arasında mənəvi bağların daha da güclənməsinə mühüm töhfə verib. Bundan əlavə, ötən ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Avazada keçirilən beynəlxalq forumda iştirak edib. Eyni zamanda, səfər çərçivəsində Q.Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüş keçirilib, fondlar arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər. Azərbaycan və Türkmənistanın formalaşdırdığı  strateji xətt  təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır.