19 iyun 2026 11:44
327

Azərbaycan reallıqları: Sabitlik və tərəfdaşlıq

Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və yüksək nüfuz sahibi olan dövlət olaraq qəbul edilir. Regional və bir çox beynəlxalq əhəmiyyətli layihələri Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Bura həm enerji, həm də nəqliyyat layihələri daxildir. Təbii ki, bütün bunların əsasını Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət təşkil edir. Həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycanda sabitlik hökm sürür. Ölkəmiz, həmçinin regionda sülh, sabitlik və əməkdaşlığın olmasında maraqlıdır. Azərbaycan dövlətinin yaratdığı reallıq da regionda davamlı sülh və təhlükəsizliyə xidmət edir. Sabitlik olduğu halda hərtərəfli inkişafdan danışmaq mümkündür. İqtisadi layihələrin həyata keçirilməsi və uzunmüddətli olması məhz dayanıqlı sabitliyin olmasından asılıdır.
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı, Prezident İlham Əliyev sabitliyin inkişafın əsas meyarı olduğuna diqqət çəkdi. Ölkə başçısı vurğuladı ki, bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik, həmçinin regional inkişaf göstəricisidir. Sabitlik və müstəqil siyasətin yürüdülməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. Azərbaycan, həmçinin beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlarda müasir çağırışlara uyğun olaraq yeni təşəbbüslərlə çıxış edir və bəzi beynəlxalq təşkilatların institusional cəhətdən yenilənməsində mühüm rol oynayır. Heç şübhəsiz ki, Azərbaycanın təşəbbüsləri və müasir çağırışlara adekvat qərarları beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. Nəticədə, Azərbaycanla ikitərəfli münasibətlər qurmaq istəyən ölkələrin də sayı davamlı olaraq artır.
Azərbaycan müasir dünyada ən etibarlı enerji təminatçılarından biridir. Enerji layihələrinin həyata keçirilməsi tərəfdaş ölkələrin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanın da təhlükəsizliyinə xidmət edir və iqtisadi gücünü artırır. Ölkəmizin iqtisadi imkanlarını artıran digər bir əsas faktor isə nəqliyyat layihələrinin uğurla həyata keçirilməsidir. Ölkə daxilində müasir nəqliyyat infrastrukturunun qurulması və coğrafi imkanlardan bünövrə kimi istifadə artıq Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib.
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı, Prezident İlham Əliyev Azərbaycan reallıqlarını çox geniş formada diqqətə çatdırdı. Ölkənin iqtisadi inkişaf göstəriciləri, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, sülh gündəliyi, eləcə də Azərbaycan həqiqətləri Prezident İlham Əliyevin çıxışında öz əksini tapdı. Ölkə başçısı gələcək planlara da diqqət çəkərək bildirdi ki, yaxın gələcəkdə enerji və nəqliyyat layihələrinin imkanları daha da genişləndiriləcək. Nəticədə isə Azərbaycanın iqtisadi gücü və imkanları əhəmiyyətli dərəcədə artacaqdır.

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi