17 iyun 2026 10:15
113

QAZAXSTAN  TƏSSÜRATLARI

Qardaş ellərdə

“Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməkdədir”

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

Təmaslar yox ikən...

İmperiyaların xalqları çox şeylərdən məhrum etdiyi tarixdən hər kəsə bəllidir. Onlar geniş əraziləri işğal edərək birləşdiriblərsə də xalqların, xüsusən də eyni kökdən olan xalqların birləşməsini, təmasda olmasını yasaq ediblər. Bu qəbildən olan qadağalardan isə bəlkə də ən çox əziyyət çəkən, pərən-pərən düşəni türkdilli xalqlar olub. Əsrlər boyu rusun, farsın xofundan kimliyimizi - türk oğlu türk olduğumuzu belə dilə gətirməyə ehtiyat etmişik. Dilə gətirənlərimiz isə məhbəs və sürgünlərdə çürüdülmüşdür.  Hüseyn Cavid, Əhməd Cavad, pantürkist damğası altında təqib olunan, ittiham olunaraq cəzalandırılan minlərlə Azərbaycan ziyalısının acı və məşəqqətli taleyi buna sübut deyilmi?! Allaha çox-çox şükürlər olsun ki, bütün bunlar artıq keçmişdə qalıb. Tərkibində olduğumuz sonuncu imperiya olan sovet imperiyası da nəhayət ki, dağılaraq tarixin bir parçası oldu.

Maraqlıdır ki, Sovet imperiyasının çökməsi ilə yaranan yeni milli dövlətlərin və onların təmsil etdikləri xalqların tarixi-mədəni köklərə əsaslanan yeni birliyiklərinin formalaşması prosesi başladı. Bu kontestdə imperiyanın türk dövlətləri və xalqları arasında qurduğu maneə və səddlər də tədricən əriyərək yox olmağa başladı. Başlanğıc olaraq türk dövlətlərinin flaqmanı və güc mərkəzi olan Türkiyə Cümhuriyyəti ilə qarşılıqlı  təmaslar tədricən artdı. Gündən-günə intensivləşərək bir çox həyati sahələri əhatə edən Azərbaycan-Türkiyə əlaqələri digər türkdilli dövlətlər və xalqlar üçün də nümunə oldu. Artıq Azərbaycan telekanalları 70 il ərzində olduğu kimi səhərdən axşamadək  Rusiya televiziyalarının proqramlarını deyil, daha çox türk kanallarını retransliyasiya etdilər. Beləliklə, türk teleefiri Azərbaycan cəmiyyətinin, xüsusən də gənc nəslin sürətlə, həm də çox böyük uğurla Osmanlı türkcəsini mənimsəməsi yolunda əhəmiyyətli rol oynamış oldu.

Bu gün azərbaycanlılar və türklər arasında demək olar ki, elə də ciddi dil baryeri qalmayıb. Amma hələlik  Xəzərin şərq sahilində olan türkmən, özbək, qırğız və qazax qardaşlarımız  barəsində bu sözləri deməkdə bir qədər çətinlik çəkirik.  Nə yazıq ki, kökü bir olan bu xalqların uzun illər bir-birindən təcrid vəziyyətində saxlanılması yaddaşlarda çox ciddi boşluqlar yaranması ilə nəticələnib.  Nə yaxşı ki, bütün bunlar da artıq keçmişdə qalıb.

Almatı simpoziumunda

Bu gün türkdilli xalqlar və onların təmsil olunduğu  müstəqil dövlətlər qarşısında geniş üfüqlər açılıb. Türk Dövlətləri Təşkilatı və bu təşkilatın çətiri altında fəaliyyətdə olan elm və mədəniyyət xadimlərinin qarşılıqlı təmaslarının intensivləşdiyini xüsusi olaraq qeyd etməyə dəyər. Baxın, təkcə may ayında, həm də təkcə Qazaxıstanda bu yönlü necə böyük tədbir keçirilib.  Mayın 14-15-də Qazaxıstanın Türkistan şəhərində Prezident İlham Əliyevin də iştirak etdiyi Türk Dövlətləri Təşkilatının növbəti qeyri-rəsmi zirvə toplantısı oldu. Ondan bir neçə gün sonra Astana şəhərində 1926-cı ildə Bakıda keçirilmiş olan Birinci Türkoloji qurultayın 100 illiyinə həsr edilmiş möhtəşəm tədbir oldu. Elə o günlərdə Almatıdakı Milli Mədəniyyət Mərkəzində Milli Azərbaycan Tarixi Muzeyinin Birinci Türkoloji qurultayın 100 illiyinə həsr edilmiş sərgisi açıldı. Mayın 20-21-də isə Almatıda Türkiyə, Azərbaycan və Qazaxıstan  tərəfinin təşkilatçılığı ilə XX “Türk mədəniyyəti, incəsənəti  və mədəni irsin qorunması” Simpoziumu baş tutdu. Qazaxıstanın görkəmli rəssamı, akademik Marat Turğunbayın yaradıcılığının 50 illiyinə həsr olunmuş Simpoziumun işində Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Hindistan, Şimali Makedoniya, Şimali Kipr Türk  Cümhuriyyəti, Moldova, Nigeriya və bir sıra digər ölkələrin elm, mədəniyyət və incəsənət adamları iştirak edərək məruzələrlə çıxış etdilər. Mən və Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi Fariz Xəlillinin Simpoziumdakı məruzəmiz “Ağsu (Azərbaycan) və Otrar (Qazaxıstan) şəhərlərində aparılan arxeoloji qazıntılar nümunəsində İslam şəhərlərinin struktur özəllikləri” barədə idi. Xatırladaq ki, Qazaxıstan arxeoloqları uzun illərdir ki, Otrar şəhərinin tarixini öyrənirlər və bu sahədə artıq xeyli təcrübəyə malikdirlər. Hansı ki, biz də 2010-2014-cü illərdə Orta əsr Ağsu şəhərini tədqiq edərkən daha çox məhz Otrar təcrübəsindən yararlanmışdıq. Sözsüz ki, belə bir təcrübə digər Türk-İslam abidələrinin tədqiqi üçün də yaxşı nümunə kimi diqqət çəkməyə bilməz. Elə bu səbəbdən də Simpoziumun gedişində bizim təqdim etdiyimiz məruzə hər kəs tərəfindən böyük maraqla qarşılandı. Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunun aparıcı elmi işçisi f.ü.f.d. Şəhla Xəlillinin “Əlyazmalar İnstitutunda mühafizə edilən Sudinin “Şərhi-Divani-Hafiz” əlyazmasının paleoqrafik xüsusiyyətləri” mövzusunda məruzəsi də iştirakçıların marağına səbəb oldu. Simpoziumda Azərbaycanı təmsil edən professor Kübra Əliyevanın, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyevanın, Orta əsr Ağsu şəhər Dövlət Tarix və Mədəniyyət qoruğunun direktoru Vüqar Quliyevin, “Azərbaycan Məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılandı.

Simpoziumdan görüntü

Sipozium iştirakçılarının xatirə fotosu

Simpozium iştirakçılarının mükafatladırılma mərasimi

TRT kanalının müsahibəsi

Təmasların bəhrəsi

Bu yerdə bir məqamı xüsusi olaraq qeyd etmək istərdim. Əvvəlki dönəmlərdə Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda bu qəbildən olan elmi tədbirlər keçirilərkən adətən natiqlər daha çox rus dilində çıxış edirdilər. Amma bu dəfə fərqli bir mənzərənin şahidi olduq. Yəni, hər kəs öz ana dilində məruzə etdi. Simpoziumdan kənar ünsiyyətimiz də elə bu cür oldu. Fikrimizcə, bu cür yanaşma bir-birimizi  tədricən daha yaxşı başa düşmək baxımından çox əhəmiyyətlidir. Təsəvvür edin, mayın 16-sı gecəsi Almatı hava limanına daxil olduğumuz  anlarda biz qazaxları, onlar da bizi çox çətinliklə başa düşürdü. Amma sonrakı günlərdə təmaslarımız artdıqca vəziyyət tədricən dəyişməkdə idi. Deməli, təmaslar, get-gəllər  artmalıdır. Yalnız bu yolla  leksikonumuzdakı çoxsaylı eyni köklü və eyni mənalı sözlərin sadəcə tələffüz fərqliliyini yaratmış olduğu baryerlər də tədricən əriyib gedəcəkdir. Necə ki, Azərbaycan türkcəsi ilə Osmanlı türkcəsi arasındakı qarşılıqlı anlaşmaya problem yaradan baryerlər son 10-15 il ərzində sanki heç əzəldən olmayıbmış kimi yox oldu getdi. Əminliklə deyə bilərik ki, müəyyən zaman keçəndən sonra eyni hal özbəklər, türkmənlər, qırğızlar, qazaxlar, tatarlar, qaqauzlar, uyğurlar və digər türkdilli xalqlarla münasibətdə də baş verəcəkdir. Yəni, Prezident İlham Əliyevin təbirincə desək bu qarmaqarışıq və günü-gündən daha artıq çalxalanmaqda olan dünyada bizim bir ailəmiz var, o da Türk dövlətləri ailəsidir.

Qazaxıstan sürətlə dəyişməkdədir

Mən sovet dönəmində də bir neçə dəfə Qazaxıstanda olmuşam. Bu dəfəki səfər isə ölkələrimizin dövlət müstəqilliyi qazandıqdan sonra oraya ikinci səfərim idi. Bir il öncə Aktauda keçirilən beynəlxalq konfransda iştirak etmişdim və o vəsilədən  Manqustdu bölgəsinin tarixi yerlərini birər-birər gəzmişdik. Bu səfərimizdə isə Almatı, Taraz, Türküstan, Otrar və Eşik şəhərlərində olduq, o yerlərin tarixi-mədəni irs məkanları ilə tanış olduq.

Bəli, Qazaxıstan həqiqətən də bizim ilk baxışda təsəvvür etdiyimizdən  də qat-qat nəhəng həm də hərtərəfli  və sürətli inkişaf yolunda olan bir Türk-İslam dövlətidir. O təkcə ərazisinin genişliyi, təbii ehtiyatlarının bolluğu ilə deyil, həm də qazax xalqının tarixi-mədəni dəyərlərinin və oradakı Türk-İslam irsinin əzəməti ilə adamı heyran edən bir məmləkətdir. Təkcə elə Almatıdan Özbəkistanla sərhəddə olan  Türküstan şəhərinədək olan təqribən 800 kilometrlik məsafə boyunca gördüklərimiz buna bariz nümunədir. Təsəvvür edin, bura hələ ölkənin yalnız cənub regionundur. Digər istiqamətlərdə görün, hələ nələri var bu xalqın?!

Məsələn, ölkənin cənub paytaxtı hesab edilən Almatıdan yeni paytaxt Astanaya olan məsafə 1229 kilometrdir. Deyilənlərə görə çox-çox qədim zamanlarda indiki Almatı şəhərinin yerində köçəri və yarımköçəri insanlar yaşayıb. Orada eramızdan əvvəl VI-III əsrlərə aid çoxsaylı nəhəng sak kurqanları olub. Almatı yaxınlığında olan və bizim də səyahət etdiyimiz  Selek  kurqanının hündürlüyü 27, diametri isə 146 metrdir. Qazaxıstan hökumətinin qərarı ilə 2016-cı ildə Almatının 1000 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. 2.5 milyon əhalisi olan Almatı sovet dönəmində də, elə bu gün də Orta Asiyanın ən çox yaşıllıqlara bürünmüş şəhəri hesab olunur.

Biz mayın 17-də Almatıdan cənub istiqamətində yola çıxarkən yaz günəşi adamı yandırırdı. Hansı ki, eyni vaxtda Bakıda, Azərbaycanın regionlarında aramsız yağışlar nəticəsində hər yanı sel-su basmaqda idi. Qazaxıstanda isə hələ ki, təbiətin şıltaqlığından əsər-əlamət yox idi. Almatıdan Türküstanadək olan ərazini sanki keçilməz qala divarları kimi halaylayan Alatau dağlarının qar örtüyü hələ ki, tam olaraq öz yerində idi. Ərazidən keçən çaylarda da hələ ki, sular bulanmamışdı.  

Almatı-Türküstan yolunda ən çox diqqət çəkən maşınların hərəkət intensivliyidir. İri qabaritli maşınlar gecə-gündüz hər iki istiqamətdə sanki ipə düzülübmüş kimi şütüməkdədir. Bizə yolboyu həm də bələdçilik edən sürücümüz Ağılbekin dediyinə görə, o maşınların yükü daha çox geniş çeşidli Çin mallarıdır. Çindən mallar əsasən Daşkənd və ya Almatıya, oradan da Qazaxıstan, Özbəkistan, Türkmənistan və  Qırğızıstana paylanır.

Almatı-Daşkənd yolunun sağı da, solu da Cambul və Türküstan vilayətlərinin ucu-bucağı görünməyən taxıl, soya və qarğıdalı əkini sahələridir. Əkin olmayan təpəlik bir sahədə foto çəkdirmək məqsədilə Aqilbek maşını saxlamalı oldu. Yoldaşlardan birisi əraziyə daxil olaraq oradan lalə gülü dərmək istərkən Aqilbek imkan vermədi. Dedi ki, ekologiya polisi həmən bizi cərimələyə bilər. Cərimələrdən söz düşmüşkən Qasaxıstanda siqaretə görə cərimələr artıq öz işini görüb. İctimai yerlərdə bir nəfər belə siqaret çəkən görməzsiniz. Əgər səfərimiz daha bir neçə gün davam etmiş olsaydı yəqin ki, dostum İntiqam siqareti yerli-dibli tərgitməli olacaqdı.

Tarixi-mədəni irsə münasibətin Qazaxıstan nümunəsi

Simpoziumda iştirak edən qrupumuz tarix və mədəni irs qrupu olduğundan səfər çərçivəsində fürsətdən istifadə edərək daha çox məhz tarixi məkanlarla tanış olmağa fokuslanmışdıq. Odur ki,  ilkin olaraq Taraz arxeoloji kompleksində olduq. I-XVIII əsrlərə aid abidədir. Geniş ərazidə arxeoloji qazıntı işləri aparılıb. Öyrənilən sahənin üstü örtülərək, konservasiya edilərək geniş ərazini əhatə edən nümunəvi bir arxeopark yaradılıb. 

Taraz arxeoparkında

Daha sonra Taraz şəhəri ətrafındakı Təkdurmaz etnoqrafik parkını gəzdik. Övliyə Atanın möhtəşəm abidəsi önündə xatirə fotoları çəkdirdik. Geniş ərazini əhatə edən parkda hər şey ürək oxşayır. Parkın  böyüklüyü, dizayn özəlliyi, oradakı əzəmətli heykəllər kompleks olaraq Türkün və onun mədəniyyətinin böyüklüyündən xəbər verir.

Təkdurmaz etnoqrqfik parkı

Xatırladaq ki, yarım milyona yaxın əhalisi olan və sovet hakimiyyəti illərində bir neçə dəfə adı dəyişdirilən Taraz Qazaxıstanın ən qədim şəhərlərindən hesab olunur. Maraqlıdır ki, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”  əsərində Tarazın adı Talaş  və Tiraz kimi xatırlanır.  

Tədqiqatçıların qənaətinə görə Orta Asiya coğrafiyasında İslamı yayan ilk  böyük dövlət Qaraxanilər dövlət olub. Onların hakimiyyəti dönəmində digər regionlarda olduğu kimi Qasaxıstan ərazisində  də Türk-İslam memarlığı özünün intibah dövrünü yaşayıb. Belə nadir memarlıq incilərindən birisi də  Tarazda ziyarət etdiyimiz XI-XII əsrlərə aid Qaraxanilər türbəsidir. Türbədə Qaraxani hökmdarlarından olan Sihah Mahmud Boğranın dəfn olunduğu ehtimal edilir. Türbə qırmızı kərpiclə inşa edilib. Tarazın İslam dövrü tarixinin simvollarından olan türbənin fasadındakı naxışlı kərpic işləmələri Qaraxani memarlığının klassik üslubundadır.

Xatırladaq ki, Taraz şəhəri yaxınlıqda olan XI-XII əsrlərə aid Aişə Bibi türbəsi bütövlükdə Orta Asiya coğrafiyasının çox məşhur sevgi və məhəbbət memarlığı nümunəsi hesab edilir. Aişə Bibi türbəsi oranı ziyarətə gələn turistlərə Qazaxıstanın Tac-Mahalı kimi təqdim olunur. Deyilənlərə görə məhəbbət abidəsi hesab edilən Aişə Bibi türbəsi Qaraxani hökmdarına aşiq olan və sevgisinə qovuşmaq yolunda məşəqqətli bir  ömür yaşamış gənc və gözəl bir qızın şərəfinə tikilib. Odur ki, Tarazda yeni ailə quran cütlüklər ilk olaraq məhz oranı ziyarət edərək əhd-peyman bağlayırlar. Türbənin divarlarını oyma terrakot piltələrin əmələ gətirdiyi həndəsi və nəbati elementlər bəzəyir. Hansı ki, bu üslub Qaraxani memarlığının zirvəsi hesab olunur.

Aişə Bibi türbəsi

Türküstan arxeoloji kompleksi, Aristan Baba türbəsi, Çellek kurqanlar kompleksi, Eşik Dövlət qoruğuna ziyarət zamanı da yaddaqalan anlar yaşandı.

Türküstan möcüzəsi

Almatıdan sonra Qazaxıstanın daha bir cənub paytaxtı statusuna iddialı olan Türküstan şəhəri sözün əsil mənasında regionun yeni möcüzəsidir. Sırdərya çayı yaxınlığında salınmış bu şəhər 2018-ci ildən etibarən həm də Türküstan vilayətinin inzibati mərkəzi hesab olunur. Qazaxıstan hökumətinin  xüsusi diqqət və qayğısı sayəsində Türküstan şəhəri son illər tam olaraq yenidən qurularaq dünyanın ən modern şəhərlərindən birinə çevirmişdir. Bu şəhər sözün əsl mənasında Böyük Türkün adına layiq bir şəhər olmuşdur. Geniş prospekt və meydanları, modern memarlıq üslubu, yaşıllıqları, gül-çiçəyə bürünən park və xiyabanları, çox da uca olmayan yaraşıqlı binaları adamı valeh edir.

Türküstan Şuşa ilə qardaşlaşmış şəhərdir. Xatırladaq ki, may ayının 15-də orada Türk dövlətləri təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev toplandakı nitqində demişdir: “Qədim və zəngin tarixi olan Türküstan şəhərində olmaqdan çox məmnunam. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın azad olunandan sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”.

Türk dövlətlərinin başçıları Türküstan Zirvə görüşündə

Türküstanın  gözoxşayan mənzərələri fonunda XIV əsrin yadigarı olan Xoca Əhməd Yəsəvi kompleksinin öz yeri, öz əzəməti var. Tarixi ədəbiyyatdan bəlli olduğu kimi Xoca Əhməd Yəsəvi 1093-cü ildə Çimkənd şəhəri yaxınlığındakı Sayram kəndində dünyaya göz açıb. İlkin olaraq təlim-tərbiyə almış olduğu  Yəsi şəhərinin adını özünə təxəllüs olaraq qəbul edib. Türk-İslam araşdırmaçılarının qənaətinə görə, Orta Asiya türkləri arasında İslamın yayılmasında, Anadolunun türkləşməsi və müsəlmanlaşmasında Xoca Əhməd Yəsəvinin xüsusi xidmətləri olub. O, türkdilli sufizm ədəbiyyatının banilərindən biri hesab olunur. Böyük alim və mütəfəkkir olan Xoca Əhməd Yəsəvinin 1166-cı ildə 73 yaşında Türküstanda vəfat etdiyi bildirilir. Əmir Teymurun əmri ilə 1389-cu ildə onun Türküstanda XII əsrə aid türbəsinin olduğu yerdə İslam memarlığının nadir incilərindən hesab edilən Xoca Əhməd Yəsəvi kompleksi inşa edilib. Deyilənlərə görə, bu işi yüksək səviyyədə icra etmək məqsədilə Əmir Teymurun əmri ilə Şirazdan mozaika, İsfahandan daş və suvaq ustaları gətirilib. Türbənin inşasında dövrünün tanınmış memarı Xacə Hüseyn Əli ilə yanaşı Əmir Teymurun özünün də şəxsi müdaxilələri olub. Əfsuslar olsun ki, Əmir Teymur 1405-ci ildə Çinə hərbi yürüşü zamanı qəflətən dünyasını dəyişdiyindən kompleksin tikintisinin başa çatmasını görmək ona nəsib olmayıb.

Bişmiş kərpic və kirəc məhlulundan istifadə etməklə düzbucaqlı formada inşa olunmuş Xoca Əhməd Yəsəvi kompleksinin eni 45, 8,uzunluğu 62,7, hündürlüyü isə 38,7 metrdir. Türbənin günbəzi Orta Asiya regionunda ən böyük günbəz hesab olunur. Abidənin divarlarında və günbəz hissəsində Quranın Ənam Surəsinin 59 və 63-cü ayələrindən və hədislərdən seçilmiş iri süls xətlərlə işlənmiş kitabələri var.

Deyilənlərə onu da əlavə edək ki, 1983-cü ildə Qazaxıstan hökumətinin razılığı əsasında Türk-İslam dünyasının ortaq dəyəri hesab olunan Xoca Əhməd Yəsəvi kompleksində Türkiyə hökuməti tərəfindən müəyyən bərpa və konservasiya işləri görülmüş, 2002-ci ildə isə o UNESCO tərəfindən Dünya İrsi nümunəsi olaraq qeydiyyata alınmışdır. Nəhayət, son olaraq onu da deyək ki, bu günün özündə də Xoca Əhməd Yəsəvi kompleksi içərisində və ətrafında təmir-bərpa işləri davam etdirilməkdədir. Buna baxmayaraq oraya olan insan axını da davam etməkdədir. Demək olar ki, səhər hava işıqlanandan gecə saatlarınadək orada sözün əsil mənasında qələbəlikdir. Bu isə ən azı Türk-İslam dünyasında Xoca Əhməd Yəsəvi şəxsiyyətinə və onun zəngin elmi-nəzəri irsinə olan diqqət və ehtiramın göstəricisidir.

Xoca Əhməd Yəsəvi kompleksi

Xoca Əhməd Yəsəvi kompleksində davam etməkdə olan təmir və konservasiya işlərindən söz düşmüşkən, bütövlükdə Qazaxıstan hökuməti tərəfindən tarix və mədəniyyət abidələrində aparılan arxeoloji tədqiqatlara və  aşkar olunmuş arxeoloji qalıqlarının konservasiya edilərək turistik ünvana çevrilməsinə çox böyük önəm verildiyini də xüsusi olaraq qeyd etmək istərdik. Almatıda, Tarazda, Türküstan və Otrarda bunun bariz nümunələrini gördük. Bu cür yanaşmanın nəticəsidir ki, təkcə tarixi şəhərlər və fundamental tikintilər deyil, bəzən ən xırda, ilk baxışda diqqəti cəlb etməyən  yerlər belə az qala ziyarətgaha çevrilərək dövlətin büdcəsinə gəlir gətirməkdədir. Ölkə ərazisinə daxil olan və tarixi keçmişlə maraqlanan hər bir turist qeyri-ixtiyari olaraq  səhərdən axşamadək pul xərcləməli olur.

“Otrar faciəsi”ndən Otrar nümunəsinə

Orta əsrlər dövrünün böyük fikir dühası Əbu Nasir Əl -Fərabinin vətəni kimi məşhur olan Otrar şəhəri, onun əzəməti və tarixi barədə çox yazılıb, neçə-neçə filmlər çəkilib və s. Xatırladaq ki, Otrarın adı ilkin olaraq e.ə IX əsrə aid yazılı qaynaqlarda çəkilir. Fərqanə-Sırdərya dəhlizindən keçən Böyük İpək yolu üzərində olan Otrar 1220-ci ildə dağıdılaraq viranəyə çevrilib.

Şəhərin öz əvvəlki ehtişamını  itirməsinin əsas səbəbi kimi tarixi “Otrar faciəsi” tez-tez xatırlanır. Belə ki, deyilənlərə görə, 1218-ci ildə Çingiz xanın ticarət və diplomatiya missiyasının səfir karvanı Xarəzmşah Məhəmmədin yanına gələrkən, Otrar hakimi Qaib xanın əmri ilə qarət olunub, diplomatik missiyanın şəxsi heyəti isə məhv edilib. Bundan qəzəblənən Çingiz xan 1219-cu ildə Otrara 120-150 minlik ordu  yeridir. 1220-ci ilin fevral ayınadək  Otrarda küçə döyüşləri davam edir. Şəhər əhalisi təslim olmayaraq son nəfəsinədək döyüşür. Sonda döyüş meydanında tək qalmış olan Qaib xan monqollar tərəfindən ələ keçirilərək Çingiz xanın hüzuruna aparılır və edam edilir. Bu baş verənlərsə “Otrar faciəsi” olaraq tarixə düşür.

Çingiz xanın ordusu tərəfindən dağıdılandan sonra da Otrar yenidən qismən də olsa dirçələrək XVIII əsrədək mövcudluğunu davam etdirib və nəhayət, 1750-ci ildə  Cunqar xanının dağıdıcı hücumu nəticəsində həmişəlik süqut edib.  Onu da əlavə edək ki, Otrar monqol istilasınadək Orta Asiya regionunun mühüm şəhərlərindən biri olub.  Qaraxanilər dövlətinin sikkə zərbxanalarından biri məhz orada olub. XIII əsrin əvvəllərində isə şəhər Xarəzmşahlar dövlətinin tabeçiliyinə keçib.

Uzun illərdir ki, davam etməkdə olan arxeoloji tədqiqatlar nəticəsində Otrarın qalın torpaq qatı altında uyuyan qala divarları, bürcləri, küçə və meydanları ilə yanaşı mədrəsə, məscid, bazar, dükan, hamam, sənətkarlıq emalatxanaları da tam olaraq aşkara çıxarılaraq Qazaxıstan hökuməti tərəfindən Dövlət Tarix və Mədəniyyət Qoruğu elan edilib. Odur ki, Otrara daha orta əsrlər dövründəki kimi nə ordular hücum edir, nə də ki, ticarət karvanları gəlir. Bunların əvəzində indi oraya dünyanın tər tərəfindən olan turist karvanları axışıb gəlməkdədir.

Otrar Dövlət Tarix və Mədəniyyət Qorugu

Otrar muzeyində Qızıl adam

Biz Otrarın küçə və meydanlarını gəzərkən şiddətli yağış və dolu başladı. Hər kəs təpədən dırnağadək islanaraq palçığa bulaşdı. Bu da Otrarın sanki növbəti sınağı idi. Amma bütün bunlara baxmayaraq, Otrarı gəzmək, onun uzun illər ərzində Qazaxıstan arxeoloqları tərəfindən aşkar edilərək təqdim olunan qədim simasını görmək arxeoloq alim olaraq mənim üçün çox xoş oldu.

Otrarla tanışlıqdan sonra, necə deyərlər suyumuz süzülə-süzülə yaxınlıqdakı İbin əl-Fərabinin adını daşıyan Otrar arxeoloji muzeyinə gəldik. Xatırladaq ki, Aristoteldən sonra “İkinci müəllim” fəxri adını əbədiləşdirmiş böyük alim-filosof Əbu Nəsir Məhəmməd ibn əl Fərah əl Fərabinin 870-ci ildə məhz Otrarda dünyaya göz açdığı bildirilir. Bu mənada Otrar arxeologiya muzeyinin onun adını daşımasının özü də elə tarixi-mədəni irsə ehtiram nümunəsi kimi başa düşülməlidir. Otrar və ətraf ərazidən tapılan bütün arxeoloji artefaktlar arxeologiya muzeyində nümayiş etdirilməkdədir. Muzeydə olduğumuzdan xəbər tutan Otrar şəhəri arxeoloji ekspedisiyasının rəhbəri professor Selik Ağılbek də oraya gəldi. Aramızda qısa, lakin hər iki tərəf üçün əhəmiyyətli olan  fikir mübadiləsi oldu. O, Otrar tədqiqatları, biz isə Ağsu tədqiqatları barədə bir-birimizi məlumatlandırdıq. Gələcəkdə Türk-Müsəlman şəhərlərinin müştərək tədqiqi imkan və perspektivlərini nəzərdən keçirdik. Bu istiqamətdə irəliləyiş olması üçün təmasların intensiv  olması qənaətinə gəldik.

Almatı milli muzeyində nələr görmədik?!

May ayının 22-i Qazaxıstan səfərimizin sonuncu günü idi. Sonuncu gün hər kəs istəyirdi ki, sərbəst gəzinti olsun. Amma Fariz Xəlilli və mən Qazaxıstan Elmlər Akademiyasının Arxeologiya İnstitutunda olmağı planlaşdırmışdıq. Lakin son anda bəlli oldu ki, o gün Arxeologiya İnstitutu rəhbərlərinin Astanada keçirilən rəsmi tədbirdə olduğundan görüşümüz alınmadı. Odur ki, bütün günümüzü tarix muzeyində keçirməli olduq. Və nə yaxşı  ki, də orada olduq. Həqiqətən çox möhtəşəm muzeydir. 1985-ci ildə inşa edilmiş üçmərtəbəli binanın zallarını gəzməklə qurtarmır. Ekspozisiya zallarının hər biri ayrılıqda sanki bizim tarix muzeyindən də geniş və işıqlıdır. Orada qədim daş dövründən bu günümüzədək olan on minlərlə nadir eksponat  nümayiş etdirilməkdədir. Eksponatların seçimi, dizaynı, təqdimatı çox mükəmməl şəkildə icra olunub. Deməli, istək və peşəkarlıq olan yerdə uğur da olur.

Amma muzeyin üçüncü mərtəbəsindəki zallardan  birində gördüklərimiz bizi  çox məyus etdi. Belə ki, orada  türkdilli xalqların hər birinə aid etnoqrafik səciyyəli xüsusi guşə-pavilyon var. Hansı ki, orada aid olduğu xalqın məişətini, mədəniyyətini və təsərrüfatını səciyyələndirən eksponatlar nümayiş etdirilir. Amma əfsuslar olsun ki, orada Azərbaycana və azərbaycanlılara aid guşə-pavilyon görmədik. Təsəvvür edin, hətta Pribaltika xalqlarına, ermənilərə, yəhudilərə, bir sözlə, dünyanın əksər xalqlarına aid guşələr var, amma Azərbaycana aid heç nə yoxdur. Salonun digər tərəfindəki daha bir acı mənzərə də bizi üzdü. Hansı ki, orada Stalin rejimi dövründə sürgünə məruz qalmış xalqlardan bəhs olunur. Hansı ki, orada da Azərbaycan və azərbaycanlı adını görmədik. Sanki, azərbaycanlılar heç repressiya və sürgün yaşamayıbmış! Bu arzuolunmaz reallıqdan nə qədər təsirlənsəm də emosiyalarımı cilovlaya-cilovlaya salonun bələdçisinə yaxınlaşdım.

 - Xanım, bu salonda türkdilli xalqların hər birinə, hətta müstəqil dövləti olmayan xalqlara aid guşə-pavilyon var. Elə isə Azərbaycan guşəsi niyə olmasın?! Bunun səbəbi nədir?

Bələdçi xanım isə əhvalını pozmadan bunları bildirdi:

- Bütün türkdilli xalqlar, o cümlədən azərbaycanlılar bizim kökü bir, dili bir, dini bir can və qan qardaşlarımızdır. Sizə aid guşə-pavilyonun olmamasının səbəbini isə özünüzün diaspor təşkilatlarınızdan soruşun. Biz bu salonun tərtibatı üzərində işləyərkən bütün aidiyyatı ölkələrin müvafiq qurumlarına zəruri məlumat və eksponatlar göndərmələrinə dair müraciətlər ünvanlamışıq. Nə edək ki, Azərbaycan tərəfindən müraciətlərimizə reaksiya verən olmadı? Göndərmiş olsaydılar elə başdakı birinci guşə-pavilyon Azərbaycanın olardı.

Belə bir gözlənilməz cavab əslində mənim üçün sözün qurtardığı yer oldu. Ulu Sabir demişkən “Kim nə deyər bizdə olan qeyrətə”?!

                 

Almatı muzeyində türkdilli xalqlara aid guşələrdən görüntü

Məncə Almatı muzeyində Azərbaycan guşəsinin olmaması bizim biganəliyimizlə bağlı reallığın hələ bir üzüdür. Reallığın digər üzü isə ondan ibarətdir ki, yəni, həmin salonun ekspozisiyası hazırlanandan bu günədək Azərbaycandan olan ziyalılardan, mədəniyyət xadimlərindən və rəsmilərimizdən heç kəs orada olmayıb?! Olmayıblarsa çox pis. Yox, əgər olub da o “mənzərəni” görməyiblərsə daha pis. Əgər,  kimlərsə də  görüb reaksiya verməyiblərsə, daha onlara heç sözüm yoxdur.

Əlbəttə, bir həftəlik kifayət qədər nikbin və dolğun məqamlarla əlamətdar olan Qazaxıstan səfərimizin təəssüratlarını belə bədbin notlarla bitirmək istəməzdim. Ən azı Almatıda iştirakçısı olduğumuz “XX Türk mədəniyyəti, incəsənəti və mədəni irsin qorunması” Simpoziumda, habelə Almatı, Taraz, Otrar və Türküstan şəhərlərində olan görüş və söhbətlərdə böyük Turanın ətrini hiss etmiş olduq. İnsanlar türk oğlu türk olduqları, türkdilli dövlət və xalqları təşkil etdikləri və qədim Türk Sivlizasiyasının daşıyıcıları olduqları üçün həqiqətən çox qürurludular. İştirakçısı  olduğumuz rəsmi tədbir və görüşlərdə Azərbaycandan olduğumuzu bilən sadə insanların  belə üzlərində təbəssüm gördük.  Salam-kəlamdan sonra onların hər birindən “iki gün öncə Prezident İlham Əliyev də burada idi” - sözlərini eşitmək necə də xoş idi. Yəni, Azərbaycan Respublikası  prezidentinin Qazaxıstan vətəndaşları üçün də son dərəcə əziz və arzuolunan şəxs olduğunu eşidib necə də sevinməmək, qurur hissi keçirməmək olar?!

Qafar Cəbiyev,
AMEA Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor
Bakı-Almatı-Taraz-Otrar-Türküstan