16 iyun 2026 10:05
113

Vatikanın ali nümayəndə heyəti Azərbaycanda səfərdədir

Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti Kardinal Con Ceykob Kuvakad və onu müşayiət edən Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının İslam Bürosunun rəhbəri Ata Laurent Basanesenin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana səfəri başlanıb.

“İki sahil” xəbər verir ki,  iyunun 16-da Bakıda yerləşən Müqəddəs Məryəm Ana kilsəsində dini ayin icra edən kardinal Con Ceykob çıxışı zamanı Azərbaycanla Vatikan arasında mövcud olan əlaqələrdən bəhs edərək Roma Papası II İohan Pavelin Azərbaycana səfərini xüsusi olaraq vurğulayıb. Bu səfərin tarixini əhəmiyyətindən danışıb. Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti Kardinalı və Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının İslam Bürosunun rəhbərinin Azərbaycana səfəri iyunun 19-a qədər davam edəcək. Qonaqları Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarov müşayiət edəcək.

Səfər çərçivəsində Vatikanın rəsmi şəxslərinin Bakıdakı Katolik Kilsəsini, Qəbələ və Şəkidə Alban məbədlərini, İçəriçəhərdəki "Tolerantlıq evi"ni, Bakıdakı Heydər Məscidini ziyarət edəcəkləri, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları ilə görüşləri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında Əməkdaşlıq Memorandumunun imzalanması nəzərdə tutulub.