İyunun 15-də Fransanın Evian-le-Bən şəhərində başlayacaq G7 sammiti öncəsi regionda təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.
“İki sahil” xəbər verir ki, sammitin keçirildiyi günlərdə təxminən 16 min polis, jandarm, hərbçi, yanğınsöndürən və sərhəd mühafizəçisi səfərbər ediləcək.
Leman gölünün sahilində yerləşən Evian-le-Bən şəhərində onlarla polis motosikletçisi növbə çəkir. Şəhər sakinləri təhlükəsizlik tədbirlərinin görünməmiş miqyas aldığını bildirirlər. Sammitdə dünyanın yeddi aparıcı iqtisadi gücünün liderləri bir araya gələcək. Gündəmdə əsas mövzular Ukraynadakı vəziyyət və İran məsələsi olacaq.
Təhlükəsizliyin təmin edilməsi üçün zirehli texnika, pilotsuz uçuş aparatlarına qarşı radioelektron sistemlər, dalğıclar və helikopterlər də istifadə olunacaq. Şəhərin bir hissəsinə giriş yalnız xüsusi icazə və QR kod vasitəsilə mümkündür.
Fransa ilə sərhədin o tayında, İsveçrənin Cenevrə şəhərində isə G7 əleyhdarlarının etiraz aksiyaları gözlənilir. Təxminən 4 min hərbçi polis qüvvələrinə dəstək vermək üçün səfərbər olunub. Şəhərdə bir sıra mağaza və müəssisələr mümkün iğtişaşlara qarşı əlavə mühafizə tədbirləri görüb.
Etiraz aksiyalarında müxtəlif qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları və alterqlobalist hərəkatların iştirak edəcəyi gözlənilir. Onlar G7 ölkələrinin siyasətini tənqid edirlər.