10 iyun 2026 22:12
107

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib

Laçın Rayon Polis Şöbəsinin rəhbərliyi, Dövlət Yol Polisi Bölməsi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində işğaldan azad olunmuş Laçın şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən “İki sahil”ə verilən məlumata görə, layihə çərçivəsində şəhər ərazisində aparılan monitorinqlər zamanı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və nizamlı hərəkətini təmin etmək üçün çatışmayan yol nişanları quraşdırılıb, istismar müddəti başa çatmış yol nişanlanma xətləri yenidən çəkilərək bərpa olunub.

Həmçinin yol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, hərəkət iştirakçılarının məlumatlandırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhərin müxtəlif küçə və prospektlərində zəruri tədbirlər davam etdirilir. Görülən işlər Laçın şəhərinə qayıdan sakinlərin, eləcə də şəhərə gələn qonaqların təhlükəsiz və rahat hərəkətinə şərait yaratmaqla yanaşı, şəhərin müasir və təhlükəsiz nəqliyyat sisteminin formalaşmasına da töhfə verir.

Qurumların birgə əməkdaşlığı nəticəsində həyata keçirilən bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.