06 iyun 2026 15:15
127

İqor Seçin: Hörmüzün bloklanması İrana qarşı yönəlib, lakin bütün dünyanın əleyhinə işlədi

Hörmüz boğazında gərginliyin uzun müddət ərzində qalması neftə olan uzunmüddətli tələbatı sarsıdır.

“İki sahil” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Rosneft"in rəhbəri İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu-2026 çərçivəsindəki energetika panelində bildirib.

"Hörmüz ətrafında gərginliyin saxlanması alternativ enerjiyə marağın növbəti dəfə artmasına səbəb ola bilər", - o əlavə edib.

İ.Seçinin sözlərinə görə, Hörmüz boğazının bağlanması ilkin olaraq İrana iqtisadi ziyan vurmağa yönəlsə də, bütün dünyada enerjinin vəziyyətinə təsir göstərib:

"Boğazın bağlanması üçün görülən tədbirlər İrana qarşı yönəlmişdi, lakin bütün dünyanın əleyhinə işlədi. Strateji risklər yetərincə qiymətləndirilməmişdi. Nəticədə istehlakçılar zərər çəkir. Bundan əlavə, ABŞ-də yanacaq qiymətləri 50 %-dən çox artıb, Avropada isə qiymət artımı 20 %-i ötüb".

O əlavə edib ki, Hörmüz böhranı bir presedentdir:

"Aydındır ki, indi qlobal logistikanın təkcə dünya energetikası üçün deyil, ümumiyyətlə, həlledici əhəmiyyətə malik olan digər "dar boğazlar" da təhlükə altında qala bilər. Malakka, Bab-əl-Məndəb və Cəbəllütariq boğazları, Ümid burnu, Danimarka və Türkiyə boğazları, Süveyş və Panama kanalları buraya daxildir".