06 iyun 2026 11:07
112

"NBC News": Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər

Pentaqon İsrailin ABŞ-yə qarşı kəşfiyyat fəaliyyətinin güclənməsindən narahatdır.

“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən kanalı yayıb.

Onların sözlərinə görə, son həftələrdə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (DIA) İranla müharibədə sonrakı addımlarla bağlı İsrail və ABŞ arasında artan fikir ayrılıqları fonunda əks-kəşfiyyat təhdidinin yeni qiymətləndirməsini hazırlayıb. Bununla da İsrail tərəfindən gələn təhdid səviyyəsi "kritik" kateqoriyasına qaldırılıb.

Mənbələrin iddiasına görə, bu qərar Pentaqonun, İsrailin ABŞ Prezidenti Donald Tramp administrasiyasında Yaxın Şərq münaqişələri məsələləri üzrə daxili müzakirələr və qərar qəbuletmə prosesi haqqında məlumat əldə etmək üçün yüksək vəzifəli ABŞ məmurlarını müşahidə etməyə xüsusi səylər göstərdiyi ilə bağlı narahatlıqları ilə əlaqədardır.

Mənbələrdən biri qeyd edib ki, DIA-nın qiymətləndirməsinə yeddisəhifəlik sənəd və analitik cədvəl daxildir. Sənəddə ABŞ tərəfinin narahatlığını artıran bir sıra konkret insidentlər sadalanıb.

Vaşinqtondakı İsrail səfirliyi öz növbəsində bu ittihamları qəti şəkildə rədd edib.

"İsrailin ABŞ-yə qarşı casusluq etdiyini iddia etmək tamamilə yanlışdır. İsrail ABŞ strukturları, xüsusilə də bu ölkənin hökumətinin nümayəndələri haqqında kəşfiyyat məlumatları toplamır", - səfirlikdən bildirilib.

Ağ Ev nümayəndələri öz tərəflərindən bildiriblər ki, məlumat "yalandır və baş verənlər haqqında heç bir məlumata malik olmayan mənbələrin sözlərinə əsaslanır".