05 iyun 2026 21:16
104

ADA Universitetində 14-cü Beynəlxalq Festival keçirilib

ADA Universitetində ali təhsil müəssisəsinin ənənəvi tədbirlərindən sayılan 14-cü Beynəlxalq Festival uğurla baş tutub. Mədəni müxtəlifliyi tərənnüm etmək və beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyan bu tədbir, builki mövsümdə də fərqli xalqların nümayəndələrini bir araya gətirib.

“İki sahil” xəbər verir ki, geniş iştirakçı kütləsi ilə müşayiət olunan tədbirdə, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatik korpusun üzvləri, eləcə də ADA Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, məzunları və əməkdaşları iştirak ediblər.

Festival çərçivəsində qonaqlar 40-dan çox ölkənin zəngin mədəniyyəti, qədim ənənələri, milli mətbəxi və musiqisi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. ​Tədbir iki hissədən ibarət olaraq rəngarəng ölkə stendlərinin sərgisi və mədəni və bədii çıxışlar hissəsini əhatə edib.

Tədbirin bədii hissəsində müxtəlif xarici səfirliklər tərəfindən hazırlanan xüsusi konsert proqramı nümayiş etdirilib. ABŞ, Yaponiya, Çin, Türkiyə, Tacikistan və Avropa İttifaqına üzv dövlətləri daxil olmaqla, onlarla ölkəni təmsil edən stendlərdə milli mətbəx nümunələri, rəngarəng musiqilər, milli geyimlər və rəqslər böyük maraqla qarşılanıb.

Ziyarətçilərin zövqünü oxşayan konsert proqramı ilə yanaşı, interaktiv təqdimatlar və müxtəlif müsabiqələr də festivalın əsas bəzəyinə çevrilib.

Bu tədbir, ADA Universitetində tolerantlıq və müxtəlifliyin deyil, həm də canlı bir həyat tərzi olduğunu növbəti dəfə nümayiş etdirib.

Yaqut Ağaşahqızı, “İki sahil”