04 iyun 2026 17:52
130

Putinin ABŞ nümayəndə heyəti ilə görüşü planlaşdırılmır - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin və ya Kremlin digər nümayəndələrinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edən ABŞ nümayəndə heyəti ilə görüşü nəzərdə tutulmayıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“İki sahil” xəbər verir ki,  Peskov TASS agentliyinin sualını cavablandırarkən bildirib ki, belə bir görüş gündəlikdə yoxdur.

“Xeyr, belə bir görüş planlaşdırılmır. Onlar, necə deyərlər, bizim birbaşa fəaliyyət istiqamətimizə aid deyillər”, – deyə Kremlin sözçüsü qeyd edib.

ABŞ nümayəndə heyətinə ABŞ-ın Gözəl Sənətlər Komissiyasının rəhbəri Rodni Mims Kuk başçılıq edir. Nümayəndə heyəti forum çərçivəsində keçirilən tədbirlərdə iştirak edir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, bu səviyyədə ABŞ rəsmilərinin forumda iştirakı son səkkiz il ərzində ilk belə hadisədir.

Rodni Kuk forum çərçivəsində təşkil olunan “Rusiya və ABŞ: Mədəniyyətlərin Dialoqu” adlı tematik sessiyada çıxış edib.