29 may 2026 09:20
148

"YouTube" süni intellektə qarşı mübarizəni gücləndirir

"YouTube" süni intellekt vasitəsilə hazırlanmış kontentin markalanması sahəsində tədbirləri genişləndirdiyini elan edib. Videohostinq süni intellektlə yaradılma barədə bildirişləri daha görünən edəcək və videoların bu cür texnologiyalardan istifadə edilməsinə görə avtomatik yoxlama mexanizmini tətbiq edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə videohostinqin bloqunda qeyd olunub.

Əvvəllər videoda süni intellektin tətbiqi haqqında məlumat, əsasən, videonun təsvirində yerləşdirilirdi. Bundan sonra müvafiq qeydlər birbaşa videonun adının yanında göstəriləcək. Dəyişikliklər həm standart videolara, həm də "Shorts" formatına şamil ediləcək.

Bundan əlavə, "YouTube" kontentin süni intellektlə yaradılıb-yaradılmadığını avtomatik təhlil edən sistem istifadəyə verir. Əvvəllər bu cür yoxlamalar, əsasən, istifadəçilərin müraciətlərindən sonra və ya manual olaraq həyata keçirilirdi. Bundan sonra isə videohostinqin alqoritmləri süni intellekt vasitəsilə yaradılmış təsvirlər və ya digər elementləri ehtiva edən materialları müstəqil şəkildə aşkar edə biləcək.

Şirkət yeni sistemin hələlik səhvləri istisna etmədiyini etiraf edir. Bu səbəbdən kontent müəlliflərinə düzgün olmayan qeydlərə etiraz etmək və süni intellekt kontentinin yanlış müəyyən edildiyi hallarda apellyasiya vermək imkanı təqdim olunacaq.