Turan sevdalısı böyük şair, yazıçı, ictimai-siyasi xadim Sabir Rüstəmxanlınin 80 illik yubileyində iştirak etmək mənim üçün xüsusi bir duyğudur.
Sabir müəllim haqqında onu yaxından tanıyan, uzun illər yol yoldaşı olmuş, yaradıcılığını araşdırmış alimlər, ziyalılar məndən daha dolğun yaza, daha geniş danışa bilərlər. Mən isə onun ömrünün təxminən yarısı qədər yaşamış bir adam kimi, daha çox hiss etdiklərimi deyə bilərəm.

Sabir bəy mənim yaşımda olanda Azərbaycanın istiqlalı uğrunda meydanlarda danışır, uca kürsülərdən millətin səsini dünyaya çatdırırdı. Mənim üçün Sabir müəllim uşaqlığımın azadlıq hərəkatçısı, gəncliyimin şairi və yazıçısı, bu günümün isə bilgəsidir.
Elə bir insandlr ki, Onunla bir dəfə üz-üzə gələndən sonra adama elə gəlir ki, sanki uzun illərin dostusan. Elə bil çoxdan tanıdığın bir qardaşla qarşılaşmısan.
Bir xatirə yadıma düşür… Laçına girişdə postda gözləyirdik. Birdən Sabir müəllimin maşınla keçdiyini gördüm. Özüm də hiss etmədən, uşaq kimi ucadan səsləndim:
“Sabir müəllimmmm!..”
Maşın dayandı. Hətta geri döndü.
Görüşdük, qucaqlaşdıq, təbrikləşdik.
O gün Azərbaycan xalqı 30 ildən sonra ilk dəfə Laçına gedirdi. Hamımızın içində başqa bir duyğu vardı - sevinc, həsrət, qürur, kövrəklik… İndi düşünürəm: o uşaq kimi səsləniş həmin günün coşqusundan doğmuşdu, yoxsa Sabir müəllimin insanlarda yaratdığı o doğmalıqdan?.. Bəlkə də hər ikisindən. Çünki o gün hamımız uşaq kimi sevinirdik. Amma bu sevgini, bu səmimiyyəti hər adama bu qədər içdən göstərə bilməzdim.
Bu böyük tarixi şəxsiyyətlə eyni dövrdə yaşamaq, onu yaxından tanımaq mənim üçün böyük qürurdur.
Bir neçə gün əvvəl Sabir bəyi liseyimizdə qonaq etdik. Balabilgələrimiz onun əsərlərindən səhnələr hazırlamış, şeirlər səsləndirmişdilər. Qarşısında 40-50 şagird olsa da, onlarla elə bir ünsiyyət qurdu ki, sanki həmsöhbətləri uşaqlar yox, həyatın özünü yaşamış böyük insanlar idi. Hər birinə diqqətlə qulaq asdı, hər birinə dəyər verdi. Bax elə böyüklük də budur.
Dəyərli Sabir müəllim, sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq sevincləri arzulayıram.
80 yaşınız mübarək olsun. Sözünüz də, özünüz də daim var olsun.
Dərin hörmətlə
Şəmil Sadiq