Son illər ölkədə aqrar sektorun inkişafı istiqamətində ardıcıl və sistemli addımlar atılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində kənd təsərrüfatı infrastrukturunun yenilənməsi, aqroparkların yaradılması, meliorasiya sistemlərinin təkmilləşdirilməsi, fermerlərə subsidiyaların verilməsi və aqrar sahədə rəqəmsal idarəetmənin tətbiqi bu istiqamətdə mühüm nəticələr yaradıb. Bununla belə, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, qarşıda daha böyük hədəflər dayanır.
Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqam buğda istehsalı və ərzaq təhlükəsizliyi ilə bağlı səsləndirdiyi açıq mesaj oldu. Prezident qeyd etdi: “Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur… Bax, bu idxalı biz azaltmalıyıq.”
Bu çağırış ölkənin ərzaq təhlükəsizliyi siyasətində strateji prioritetlərin bir daha dəqiqləşdirilməsi deməkdir. Çünki son illər aqrar sektora milyardlarla manat investisiya yönəldilib, onlarla aqropark yaradılıb, subsidiyalar sistemi təkmilləşdirilib, fermerlərə yanacaq və gübrə güzəştləri təqdim olunub. Dövlətin bu sahəyə göstərdiyi kompleks dəstək nəticəsində bir sıra məhsullar üzrə mühüm irəliləyiş əldə olunsa da, buğda üzrə özünü təminetmə göstəricisinin 55 faizdə qalması əlavə tədbirlərin vacibliyini ortaya qoyur.
Əslində Prezidentin səsləndirdiyi rəqəmlər problemin miqyasını dəqiq göstərir. Hazırda ölkədə daxili buğda istehsalı 1 milyon 573 min ton olduğu halda, idxal 1 milyon 267 min ton təşkil edir. Bu isə Azərbaycanın ərzaqlıq buğda üzrə xarici bazarlardan ciddi asılılığını nümayiş etdirir. Qlobal geosiyasi proseslər, logistika zəncirlərində yaranan fasilələr, ərzaq bazarlarında qiymət dəyişkənliyi fonunda bu asılılığın azaldılması strateji zərurətə çevrilib.
Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov problemin həlli yollarını konkret rəqəmlərlə əsaslandırdı. Onun sözlərinə görə, son illərdə ekstensiv inkişaf potensialı faktiki olaraq tükənib və bundan sonrakı artım yalnız intensiv əkinçilik hesabına mümkün olacaq.
Nazirin təqdim etdiyi göstəricilər bunu açıq şəkildə sübut edir. Belə ki, ölkə üzrə ərzaqlıq buğdada orta məhsuldarlıq hektardan 3,2 ton olduğu halda, 2025-ci ildə ərzaqlıq buğda proqramına qoşulmuş, müasir suvarma sistemləri ilə təmin olunmuş təsərrüfatlarda bu göstərici 5,8 tona çatıb. Bu isə məhsuldarlığın təxminən iki dəfə artması deməkdir.
Bu rəqəmlər bir daha təsdiq edir ki, Azərbaycanın aqrar siyasətində əsas prioritet artıq əkin sahələrinin mexaniki şəkildə genişləndirilməsi deyil, mövcud torpaq resurslarından maksimum səmərəli istifadədir. Burada müasir suvarma texnologiyalarının tətbiqi, aqrar innovasiyalar, rəqəmsal monitorinq sistemləri, peyk nəzarəti və elmi əsaslı planlaşdırma həlledici rol oynayacaq.
Prezident İlham Əliyevin müşavirədə verdiyi əsas mesajlardan biri də məhz kənd təsərrüfatında keyfiyyət transformasiyasına keçidin zəruriliyi ilə bağlı idi. Dövlət başçısının vurğuladığı kimi, aqroparkların yaradılması mühüm nəticələr versə də, yeni mərhələdə daha çevik, nəticəyönümlü və innovativ idarəetmə mexanizmləri tətbiq olunmalıdır.
Bu baxımdan müşavirə yalnız mövcud vəziyyətin təhlili deyil, həm də gələcək inkişaf üçün strateji yol xəritəsidir. Qarşıya qoyulan əsas məqsəd ərzaq idxalından asılılığın azaldılması, daxili istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsidir.
Azərbaycan artıq kənd təsərrüfatında yeni inkişaf modelinə qədəm qoyur. Bu modelin əsasını texnologiya, innovasiya, su resurslarından səmərəli istifadə və yüksək məhsuldarlıq təşkil edir. Prezidentin müşavirədə səsləndirdiyi çağırışlar göstərir ki, qarşıdakı illərdə aqrar sektor ölkə iqtisadiyyatının əsas lokomotivlərindən birinə çevriləcək.
Bu isə təkcə iqtisadi artım deyil, həm də Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmlənməsi, regionların sosial rifahının yüksəlməsi və milli dayanıqlığın daha da güclənməsi deməkdir. Dövlət başçısının buğda istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqların icrası ölkənin aqrar siyasətində yeni keyfiyyət mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirəcək.
Orxan Vahidoğlu, “İki sahil”