Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məqamlardan biri 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramlarının kənd təsərrüfatının dirçəldilməsində oynadığı roldur. Son 20 ildə regionlarda qazlaşdırma, elektrik təminatı, yol infrastrukturu, su anbarları və suvarma sistemlərinin qurulması kənd təsərrüfatının inkişafı üçün fundamental baza formalaşdırıb. Bu gün ölkədə qazlaşmanın 96 faizə çatması, elektrik enerjisinin tam təmin olunması, magistral və kənd yollarının yenilənməsi, Taxtakörpü və Şəmkirçay kimi strateji su layihələrinin istifadəyə verilməsi aqrar istehsalın genişlənməsi üçün mühüm iqtisadi üstünlüklər yaradıb. Kənd təsərrüfatının inkişafında subsidiyaların böyük əhəmiyyəti vardı. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu məsələyə xüsusi diqqət yönəltdi. Qeyd etdi ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlər verilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi: “Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir”. Bu fikir təsadüfi səslənmədi. Çünki artıq yeni mərhələdə əsas məsələ istehsalın sadəcə artımı deyil, məhsuldarlığın, səmərəliliyin və bazar uyğunluğunun təmin edilməsidir. Müşavirədə səslənən rəqəmlər Azərbaycanın aqrar sektorunun həm uğurlarını, həm də həllini gözləyən problemlərini aydın göstərdi. Müşavirədə ölkəmizdə bu günədək görülən və qarşıdakı dövrdə görüləcək işlərə diqqət yönəldildi. Onu da qeyd edək ki, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də diqqətdə saxlanılan əsas məsələlərdən biri əhalinin məşğulluğunun təmin edilməsidir ki, bunun üçün həmin ərazilərin malik olduğu iqtisadi potensial nəzərə alınır.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflər və onların icra mexanizmləri öz əksini tapıb”. Qlobal miqyasda davam edən müharibələr, logistika zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri bütün dövlətləri daxili ərzaq istehsalını artırmağa vadar edir. Prezident İlham Əliyevin çıxışında da bu məqam xüsusi vurğulanıb. Azərbaycanın bəzi strateji məhsullar üzrə idxaldan asılılığı hələ də qalır. Xüsusilə buğda təminatında 55 faiz göstəricisi qəbuledilməz hesab edilir. Hazırda ölkədə 1 milyon 573 min ton daxili istehsala qarşı 1 milyon 267 min ton idxal mövcuddur. Bu isə göstərir ki, aqrar siyasətin əsas hədəfi yalnız istehsalın artırılması deyil, strateji məhsullar üzrə dayanıqlı təminat modelinin qurulmasıdır. Digər tərəfdən tərəvəz, meyvə, bostan məhsulları, şəkər, yumurta və bəzi digər istiqamətlər üzrə Azərbaycanın artıq ixracatçı ölkəyə çevrilməsi kənd təsərrüfatında rəqabət üstünlüyünün formalaşdığını göstərir. Görülən və görüləcək tədbirlər kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da gücləndirilməsinə xidmət edir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanıb. Yeni Dövlət Proqramının fəlsəfəsi yalnız subsidiyalara əsaslanmır. Burada əsas vurğu texnologiya, torpaq idarəçiliyi, bazar yönümlü istehsal və investisiya modelinə edilir.
Prezident torpaqların elektron xəritələşdirilməsi, süni intellekt, peyk monitorinqi və hər torpaq sahəsinin “pasportlaşdırılması” ideyasını xüsusi vurğuladı. Bu yanaşma artıq kənd təsərrüfatının ənənəvi idarəetmə modelindən dəqiq kənd təsərrüfatı modelinə keçidin siqnalıdır. Müşavirənin ən diqqətçəkən məqamlarından biri urbanizasiya ilə bağlı səslənən strateji yanaşma oldu. “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”. Su təsərrüfatı, müasir suvarma sistemləri, soyuducu anbarlar, gübrə istehsalı, aqroparklar, istixanalar, intensiv bağçılıq – bütün bunlar proqramın icra alətləridir. Yeni mərhələdə əsas prioritetlər: ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixrac imkanlarının genişləndirilməsi, aqrar emal sənayesinin inkişafı, regionlarda məşğulluğun artırılması, texnoloji modernizasiya və innovasiyaların tətbiqi olacaqdır
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri