Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş sığorta sektoru üzrə mini-futbol turniri yekunlaşıb.
“İki sahil” xəbər verir ki, sığorta bazarında fəaliyyət göstərən aparıcı şirkət və qurumların iştirakı ilə keçirilən turnirin əsas məqsədi sektor daxilində əməkdaşlığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və korporativ münasibətlərin inkişafına töhfə vermək olub.
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının təşəbbüsü, “QOLAT Sport Services” MMC-nin təşkilatçılığı ilə baş tutan turnirdə 12 komanda qələbə uğrunda mübarizə aparıb.
Final qarşılaşmasında Azərbaycan Respublikası Mərkəzi Bankının komandası ilə “Meqa Sığorta”nın komandası üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda Mərkəzi Bankın komandası 2:1 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
Üçüncü yer uğrunda görüşdə İSB-nin komandası “Paşa Həyat Sığorta” komandasını 2:0 hesabı ilə məğlub edərək turniri üçüncü pillədə tamamlayıb.
Təltifetmə mərasimində İSB-nin İcraçı direktoru Vüsal Məsiyev çıxış edərək bildirib ki, bu turnir sığorta sektorunun nümayəndələrinin təkcə əsas fəaliyyət sahələrində deyil, həm də ictimai həyatın müxtəlif istiqamətlərində, o cümlədən idmanda fəallıq göstərdiyini, komanda ruhu və təşkilatçılıq bacarıqları ilə seçildiyini bir daha nümayiş etdirib.
Qeyd olunub ki, bu cür tədbirlər sağlam həyat tərzinin təşviqinə, kollektiv ruhun gücləndirilməsinə və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə xidmət edir.
Sonda turnirin qalibləri mükafatlandırılıb. Qalib komandaya kubok, ən yaxşı qapıçı, turnirin ən yaxşı oyunçusu nominasiyalarının qaliblərinə medal və sertifikatlar təqdim olunub.