Bakıda Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə voleybol məşqçiləri üçün beynəlxalq seminar keçirilir. “İki sahil” xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan FIVB Level-2 kursuna bu gün start verilib. İyunun 5-dək davam edəcək təlim proqramında 65 nəfər iştirak edir və kurs iki qrup şəklində təşkil olunub. Birinci qrup üzrə məşğələlər 25-29 may, ikinci qrup üzrə isə 1-5 iyun tarixlərində keçiriləcək.
Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak edirlər. Seminarın rəhbəri FIVB məşqçi-instruktoru, professor Cengiz Akarçeşme, onun köməkçisi isə AVF-nin nümayəndəsi Nərgiz İsmayılovadır.
Kurs nəzəri və praktiki hissələrdən ibarətdir. Seminar çərçivəsində iştirakçılara müasir məşq metodikaları, oyun sistemləri, texniki-taktiki hazırlıq və məşq prosesinin düzgün təşkili kimi mövzular tədris olunacaq. Sonda təşkil olunacaq imtahandan uğurla keçən mütəxəssislər FIVB-nin Level-2 sertifikatına layiq görüləcəklər.