Dünyada çayların 80 faizinin tərkibində oksigen səviyyəsi azalır
Alimlər müəyyən ediblər ki, dünya üzrə çayların təxminən 80 faizində suda həll olunmuş oksigenin səviyyəsi azalır. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, şirin su ekosistemləri ciddi təhlükə ilə üzləşə bilər. Çin Elmlər Akademiyasının əməkdaşı Qi Guanın rəhbərliyi ilə aparılan araşdırma nəticəsində son 40 ilə yaxın dövrü əhatə edən məlumatlar təhlil edilərək çayların tərkibindəki oksigen ehtiyatlarının sürətlə azaldığı məlum olub.
Su canlılarının, balıqlardan və bitkilərdən tutmuş planktonlara və bakteriyalara qədər bütün orqanizmlərin yaşaması üçün suda həll olunmuş oksigen həyati əhəmiyyət daşıyır.
Alimlər 1985-2023-cü illər arasında əldə edilmiş 3,4 milyon peyk görüntüsünü analiz edərək dünyanın müxtəlif bölgələrində yerləşən 16 mindən çox çayın tərkibindəki oksigen səviyyəsini qiymətləndiriblər. Nəticələri “Science Advances” jurnalında dərc olunan araşdırma göstərib ki, tədqiq edilən çayların 79 faizinin tərkibində oksigen itkisi müşahidə olunub. Məlumata görə, bu çaylarda hər on ildə bir litr suda orta hesabla 0,045 milliqram oksigen azalır. Bu rəqəm ilk baxışdan böyük görünməsə də, alimlər bildirirlər ki, proses bu templə davam edərsə, gələcəkdə su ekosistemlərində kütləvi canlı tələfatı baş verə bilər.
Araşdırma göstərib ki, karbon emissiyalarının artımı davam edərsə, əsrin sonunadək Cənubi Amerikanın böyük hissəsində, Hindistanda, Arktika bölgəsində və ABŞ-ın şərqində yerləşən çayların tərkibindəki oksigen səviyyəsinin təxminən 10 faiz azalacağı proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, tədqiqat zamanı ən ciddi oksigen itkisi tropik bölgələrin çaylarında qeydə alınıb. Alimlər əvvəllər iqlim dəyişikliyinin yüksək enliklərdə yerləşən çaylara daha çox təsir göstərəcəyini düşünsələr də, tropik suların daha isti olması onların temperatur dəyişikliklərinə qarşı daha həssas olduğunu göstərib.
Araşdırma müəllifləri oksigen səviyyəsinin azalmasının əsas səbəbinin insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi olduğunu bildirirlər. Məlumata görə, qlobal istiləşmə nəticəsində su hövzələrinin oksigeni saxlamaq qabiliyyətinin zəifləməsi çaylardakı ümumi oksigen itkisinin təxminən 63 faizini təşkil edir. Bundan əlavə, kənd təsərrüfatı və tullantı sularından qaynaqlanan qida maddələri ilə çirklənmə yosunların sürətlə çoxalmasına səbəb olur. Yosunlar məhv olub parçalandıqda isə mikroorqanizmlər daha çox oksigen sərf edirlər və nəticədə suda oksigen səviyyəsi daha da aşağı düşür. Bu məqamda alimlər qeyd edirlər ki, hətta hər litr suda 0,1 milliqramlıq oksigen azalması belə ekosistemlərdə ciddi dəyişikliklərə səbəb ola bilər. Bu proses davam edərsə, suda canlıların yaşaya bilmədiyi “ölü zonalar”ın sayı arta bilər.
Çin Elmlər Akademiyasının əməkdaşı Qi Quanın sözlərinə görə, oksigenin azalması yavaş gedən proses olsa da, uzun müddətdə çay ekosistemlərinə ciddi zərər vurur. O, hesab edir ki, aşağı oksigen səviyyəsi biomüxtəlifliyin azalmasına, şirin suyun keyfiyyətinin pisləşməsinə və digər ekoloji problemlərə yol aça bilər.
Tədqiqatçılar mövcud təhlükənin ciddi qiymətləndirilməsinin və çay ekosistemlərinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.
Şahnigar Əhmədova, “İki sahil”