21 may 2026 16:14
119

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sumqayıtda “Gələcəyə Körpü Qururuq” adlı tədbir keçirilib

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı, Gənclər və İdman Nazirliyinin Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gələcəyə körpü qururuq” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev ölkəmizdə həyata keçirilən müasir şəhərsalma siyasətinin Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq layihələrinin şəhərlərimizin simasını tamamilə yenilədiyini söyləyən natiq vurğulayıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan bu cür tədbirlər gənclərin şəhərsalma proseslərində fəal iştirakının təşviqi, onların maarifləndirilməsi və innovativ təşəbbüslərinin dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Panel müzakirələrinin ilk spikeri olan Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova “Şəhərsalma, mədəniyyət və gənclərin missiyası” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən şəhərsalma siyasəti müasir dövrün çağırışlarına uyğun şəkildə qurulur və bu istiqamətdə mühüm nəticələr əldə olunur. O, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin ölkəmizin gücünü və inkişaf potensialını nümayiş etdirdiyini diqqətə çatdırıb.

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva “Sağlam ailə – sağlam şəhər – sağlam cəmiyyət” mövzusunda çıxışında milli-mənəvi dəyərlərin qorunması ilə müasir memarlıq yanaşmalarının uzlaşdırılmasının vacibliyindən danışıb. O, qeyd edib ki, sağlam şəhər mühitinin formalaşdırılması cəmiyyətin sosial rifahına və insanların həyat keyfiyyətinə birbaşa təsir göstərir.

YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova “Gənclər əsas hərəkətverici qüvvədir” mövzusunda çıxış edərək gənclərin innovativ layihələrdə iştirakının genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, müasir düşüncəli və təşəbbüskar gənclərin formalaşması ölkəmizin gələcək inkişafında mühüm rol oynayır.

Tədbirin moderatoru Fəridə Qafarova açıq mikrofon formatında gənclərin şəhərsalma, memarlıq, ailə dəyərləri, sağlam mühit və gənclər siyasəti ilə bağlı təklif və fikirlərini ifadə etmələrinə şərait yaradıb. İştirakçıların sualları panelçilər tərəfindən cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Çıxışlarda həmçinin, Azərbaycanda həyata keçirilən abadlıq-quruculuq layihələrinin ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi, şəhərlərin müasir infrastruktura uyğun şəkildə yenidən qurulduğu və ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirildiyi vurğulanıb.