20 may 2026 18:19
101

Dayanıqlılıq davamlı və təhlükəsiz şəhərlərin qurulması üçün əsas şərtə çevrilib

Şəhər dayanıqlılığı müasir dövrdə davamlı inkişafın əsas şərtlərindən birinə çevrilib və bu məsələ xüsusilə zəlzələ riskləri ilə üzləşən regionlar üçün həyati əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bu fikirləri UN-HABITAT-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin direktoru Erfan Ali BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi: daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT-nin həlləri” adlı tədbirdə çıxışı zamanı səsləndirib. O bildirib ki, zəlzələlərin yaratdığı fəsadlar insanların həyatına və şəhər infrastrukturuna ağır təsir göstərir: “Ailələr hələ də çox primitiv vasitələrlə yaxınlarını axtarmağa davam edir və onların sağ qalacağına ümid edirlər. Bu, insanların həyatının, yaşayış yerlərinin və gələcəyinin qorunmasının nə qədər vacib olduğunu bir daha göstərir”, – deyə Erfan Ali vurğulayıb. Onun sözlərinə görə, xüsusilə müharibədən zərər görmüş bölgələrdə baş verən zəlzələlər humanitar böhranı daha da dərinləşdirir.

“Şəhərlərdə risklər getdikcə daha çox cəmləşir. Daşqınlar, istilik dalğaları, müxtəlif təbii və texnogen təhlükələr mövcuddur. Lakin zəlzələlər urban ərazilər üçün ən dağıdıcı risklərdən biri olaraq qalır və insanların həyatı üçün ciddi təhlükə yaradır”, – deyə o bildirib. Erfan Ali qeyd edib ki, şəhər dayanıqlılığı artıq urban inkişaf sahəsində əlavə texniki element deyil. “Dayanıqlılıq davamlı və təhlükəsiz şəhərlərin qurulması üçün əsas şərtə çevrilib”, – deyə o əlavə edib.

UN-HABITAT rəsmisi vurğulayıb ki, bu məsələ Şərqi Avropa və Mərkəzi Asiya regionu üçün xüsusi aktuallıq daşıyır: “Region son onilliklərin ən böyük zəlzələlərindən biri ilə üzləşib. Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində on minlərlə insan həyatını itirib, yüz minlərlə yaşayış evi və obyekt dağılıb”, – deyə Erfan Ali bildirib. Onun sözlərinə görə, UN-HABITAT şəhərsalma və texniki planlaşdırma sahəsində fəaliyyət göstərən təşkilat kimi dayanıqlı və təhlükəsiz şəhərlərin qurulmasına xüsusi önəm verir.

“Şəhərlərin gələcək şok və fəlakətlərə hazır olması üçün urban planlaşdırma, risklərin azaldılması və dayanıqlı infrastrukturun yaradılması istiqamətində kompleks yanaşma vacibdir”, – deyə Erfan Ali vurğulayıb.