20 may 2026 17:00
103

Seymur Səfərli Kürdəmirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

“İki sahil” xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Kürdəmir, Ağsu, Göyçay və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən subsidiya ödənişləri, texnika ilə təmin olunma, əkinlərin sığortalanması, tinglərin sertifikatlaşdırılması və digər məsələlərlə bağlı olub.

Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Daha sonra nazir müavini Seymur Səfərli rayonun Sor-sor kəndində fermer Mirtalıb Mahmudova məxsus pambıq sahəsi və “Balakən Toxum” MMC-yə məxsus taxıl sahəsinə baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb.

Görüşlərdə pambıqçılıq sahəsində innovativ becərmə və müasir suvarma texnologiyalarının, qabaqcıl təcrübələrin tətbiqinin genişləndirilməsi, əkin sahələrində yeni aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.