Mayın 20-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində “Qalib Azərbaycan əsgəri” mövzusunda tədbir təşkil etmişdir.
“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, xalq-ordu birliyindən və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətindən danışdı. O qeyd etdi ki, qəhrəman şəhidlərin xatirəsinin yaşadılması və qazilərə göstərilən diqqət hər bir vətəndaşın mənəvi borcudur.
YAP Masallı rayon təşkilatının əməkdaşı Səbinə Səlimova çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs etmişdir.
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Masallı şöbəsinin sədri Nahid Rəhimov çıxışında bildirdi ki, Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan xalqının milli birliyinin və ordumuzun gücünün bariz nümunəsidir.
Xüsusi Təyinatlı Qüvvələrdə Murovdağdan Şuşayadək döyüş yolu keçən, ehtiyatda olan qazi-komandir, Qarabağ və III dərəcəli Rəşadət ordenli Nazim Cəfərzadə gənclərə müraciətlə vətənə sevgi, dövlətə sədaqət və milli dəyərlərin qorunmasının vacibliyini vurğuladı.
Təzə Alvadı kənd tam orta məktəbin hərbi müəllimi, veteran Bəhruz Mehbaliyev və ehtiyatda olan hərbçi, veteran Fuad Ağayev çıxışlarında müharibə iştirakçılarının keçdiyi şərəfli döyüş yolundan bəhs edərək qazilərə və şəhid ailələrinə göstərilən dövlət qayğısını yüksək qiymətləndirdilər. Çıxışçılar belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verdiyini qeyd etdilər.