Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, uğurlu diplomatik fəaliyyətinin və qlobal inkişaf gündəliyinə verdiyi töhfələrin göstəricisi kimi dəyərləndirilir.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, forum çərçivəsində əsas diqqətçəkən istiqamətlərdən biri "miqrasiya və şəhərlər" mövzusudur: "Bu istiqamətdə keçirilən yüksəksəviyyəli tədbirdə bildirilib ki, bugünkü müzakirələr iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilmiş Beynəlxalq Miqrasiya İcmalı Forumunun davamı xarakteri daşıyır".
DMX rəisi vurğulayıb edib ki, dünyada miqrasiya prosesləri sürətlə artır. 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.
O qeyd edib ki, miqrasiya prosesləri ən çox şəhərlərdə özünü göstərir və onun müsbət təsirləri yalnız düzgün şəhər idarəçiliyi vasitəsilə əldə oluna bilər.
V.Hüseynov əlavə edib ki, bu tədbirin gələcəkdə də davam etdirilməsi planlaşdırılır: "Biz beynəlxalq şəhərsalma platformalarında miqrasiya məsələlərinin daim diqqətdə saxlanılmasına çalışacağıq".