Avropa İttifaqı rəhbərliyi yeni qaydalar hazırlayıb. Həmin qaydalara əsasən, Avropa şirkətləri strateji əhəmiyyətli komponentləri ən azı üç fərqli ölkədən olan üç müxtəlif təchizatçıdan almağa məcbur olacaqlar.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, qaydaların hazırlanması hələ ilkin mərhələdədir. Layihənin mayın 29-da Avropa Komissiyasına təqdim ediləcəyi gözlənilir.
Nəşrin yazdığına əsasən, əsas məqsəd Avropa şirkətlərinin Çin tədarükündən asılılığını azaltmaqdır.
Yeni qaydaların kimya sənayesi və sənaye avadanlıqları istehsalı da daxil olmaqla bir neçə sektora şamil ediləcəyi bildirilir. Mənbələrin sözlərinə görə, Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroš Šefčovič bu sahələrdə fəaliyyət göstərən Çin şirkətləri üçün gömrük rüsumlarını artırmağı planlaşdırır.
Bu addımlar Çinin bəzi texnologiyaların ixracına qoyduğu məhdudiyyətlərə cavab olaraq hazırlanıb.
Avropa Komissiyasının nümayəndələrindən biri bildirib ki, bir çox sahədə Çin ixracından asılılıq getdikcə artır və bu asılılığın müəyyən qiyməti var. Buna görə də təchizatın şaxələndirilməsi istiqamətində səylərin gücləndirilməsi vacib hesab olunur.