Rusiyanın Voronej şəhərində bir neçə məktəb Kominternovski rayonunda baş vermiş magistral su xətti qəzasına görə distant təhsil rejiminə keçib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə şəhər meri Sergey Petrin məlumat verib.
Merin sözlərinə görə, suyun verilişinin dayandırıldığı ərazilərdə yerləşən məktəblərdə bu gün dərslər onlayn formatda keçiriləcək. Uşaq bağçaları isə fəaliyyət göstərməyəcək və istirahət günü rejimində olacaq. Təhsil müəssisələrinin siyahısını şəhərin Təhsil və Gənclər Siyasəti İdarəsi hazırlayır.
Sergey Petrin bildirib ki, qəzanın aradan qaldırılması prosesi onun şəxsi nəzarəti altındadır. Şəhər su-kanal idarəsinin bütün qüvvələri səfərbər olunub, texniki və içməli suyun daşınması və paylanması üçün xüsusi məntəqələr təşkil edilib. Boru xəttinin partlamasının səbəbi hələlik məlum deyil.
Qeyd olunub ki, bu, son iki həftə ərzində Kominternovski rayonunda baş verən ikinci su sızması hadisəsidir. Əvvəlki qəza Antonov-Ovseyenko küçəsində qeydə alınmış və 250-dən çox yaşayış binasını əhatə etmişdi.
Bugünkü qəza nəticəsində isə 280 çoxmənzilli bina və təxminən 3,5 min fərdi evin sakinləri soyuq su təchizatında fasilələrlə üzləşiblər.