ABŞ ilə İran arasında Pakistanın paytaxtı İslamabadda baş tutan danışıqlarda Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens iki əsas tələb irəli sürüb.
“İki sahil” İran mediasına istinadən xəbər verir ki, bunu İslam Respublikasının parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mahmud Nəbəvian bildirib.
"İlk görüşdə "C. D. Vens bildirib ki, ABŞ-nin İrana iki əsas tələbi var: birincisi Hörmüz boğazının tamamilə açılması, ikincisi isə 60%-ə qədər zənginləşdirilmiş bütün materialların (uranın -red.) İrandan çıxarılmasıdır", Nəbəvian qeyd edib.
İranın danışıqlar qrupunun üzvü bildirib ki, ABŞ Hörmüz boğazı və zənginləşdirilmiş uranın çıxarılması mövzusunu yenidən gündəmə gətirməklə yanaşı, Tehranın əməkdaşlıq edəcəyi təqdirdə 6 milyard dollarlıq dondurulmuş aktivlərin sərbəst buraxılmasını təklif edib.
"Vens Trampa zəng etdikdən sonra danışıqları Amerika planı əsasında davam etdirməyi təklif edib və Qalibaf bu təklifi nəzərdən keçirməyə razılaşıb. Tərəflərin mövqelərinin yaxınlaşmasından sonra Vens qəflətən bildirib ki, Tramp bu razılaşmanı qəbul etməyəcək".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, sonradan Ağ Ev rəhbəri Donald Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Müzakirələr nəticəsiz qalıb.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.